Qarabağ döyüşçülərinin Koordinasiya Şurasının yaradılması ilə bağlı müharibə iştirakçısı Nazim Bayramov mövzu ətrafında gedən müzakirələrə qatılıb. O, bununla bağlı öz mövqeyini bildirib. QAZİLER.AZ saytı N.Bayramovun mövqeyini təqdim edir:
“Yaradılacaq Koordinasiya Şurasının bir neçə əsas iş istiqaməti olmasını düşünürəm:1. Müharibə əlilləri (qazilər), şəhid ailələrinin və veteranların cari problemləri barədə mərkəzləşdirilmiş məlumat bankın yaradıla bilər. Və birləşmiş veteran təşkilatlarının imkanlarından ümumi istifadə etməklə daha optimal yolla problemin həllinə yardım etmək olar.
Buraya hüquqi və psixoloji yardım da daxildir. Məqsəd odur ki, Qarabağ qaziləri müvafiq yerli orqanlarının və məmurların özbaşınalığına, tüğyan edən dözülməz zülmünə məruz qalarakən özlərini yandırmasınlar.
2. Ümumilli məsələmiz - Qarabağdır. Dövlətin ərazi bütövlüyünü bərpa etmək dövlətin bir nömrəli Konstitusiya vəzifəsidir. Azərbaycanın dövlət rəhbərliyi beynəlxalq görüşlərdə, tədbirlərdə dəfələrlə bəyan ediblər ki, ATƏT bu problemi çözməkdən daha çox, uzadılması ilə məşğuldur. BMT-nin Qarabağa aid müvafiq qətnamələri yerinə yetirilmir. KŞ-nin yaradılmasının təşəbbüs qrupu – döyüşçülər ümumi və qəti qərar gəliblər ki, sülh yolu üçün kifayət qədər zaman istifadə olunmuşdur. Erməni silahlı qüvvələri işğal etdikləri torpaqlardan nəinki çıxarılmır, onlar o torpaqları özlərinə hərbi təlim poliqonuna çeviriblər, hər il hərbi təlimlər keçirirlər. Ermənistan rəhbərliyi faşistlərdən və terroristlərdən ibarətdir. Bu faktorların cəmi göstərir ki, problemin sülhlə həlli potensialı artıq bitib.
Azərbaycan, beynəlxalq hüququn hərfinə və ruhuna söykənərək, Silahlı Qüvvələrinin əsas vəzifəsinə uyğun olaraq, düşmənə sarsıdıcı zərbələr endirib, bir-iki əməliyyatla onun hərbi və siyasi idarəçiliyini iflic vəziyyətə salıb, hərbi potensialının böyük hissəsini və müqavimət qabiliyyətini məhv edərək, sonrakı sülh danışıqlarını 23 ildir dirəndiyi dalandan çıxarmalıdır.
Bunun üçün hazırda güclü hakimiyyət var, güclü, dünya bazarına inteqrasiya olunmuş iqtisadiyyat var, siyasi-diplomatik qələbələrimiz var, ordumuz var.
Qalır milli ruhu və iradəni vahid halda Qarabağımızı azad etmək və, Ali Baş Komandan dəfələrlə bəyan etdiyi kimi, bütün tarixi torpaqlarımıza qayıtmağa yönəltmək. Bunun üçün xalqımızın uzaq və yaxın tarixində olmuş döyüş ruhu, hərbi ənənələri dirçəlməlidir, onlara yeni nəfəs verilməlidir. Dövlət, ictimai və digər kanallarda musiqili-mədəni və əyləncəli proqramlarla bərabər hərbi vətənpərvərlik ruhuna və tərbiyəsinə xidmət edən verilişlər verilməlidir. Müharibə iştirakçılarının yeni yaradılmış Koordinasiya Şurası bu barədə televiziya kanallarına təkliflərini verəcək.
Müharibəyə bilavasitə hazırlıq çərçivəsində köhnə döyüşçülərin döyüş təcrübəsindən ordumuzda istifadə olunmalıdır. Yaşına uyğun fiziki göstəriciləri hərbi xidmət normalarına uyğun olan müharibə iştirakçıları ordumuzun xüsusi dağ-meşə şəraitində döyüş və taktiki hazırlıq prosesinə cəlb edilməlidirlər.
Koordinasiya Şurası Ali Baş Komandana bu təşəbbüslərlə müraciət edəcək və imkanları çərçivəsində göstərilən istiqamətlərdə fəaliyyətini davam etdirəcək.
KŞ-ı Bakıda keçiriləcək ilk Avropa Olimpiya oyunlarında erməni idmançılarının iştirakına da münasibət bildirib.
Aydın məsələdir ki, ermənilər üçün Azərbaycanda heç kəsin, o cümlədən biz döyüşçülərin “ürəyi getmir”
Bakıya gələn erməni idmançılarını Ermənistanda da qınayanlar çoxdur. Məlumdur ki, erməni ideoloqu Zor Balayan erməni idmançılarının Bakıda olarkən, Azərbaycan himnini eşitmələrini “erməni qulağına ziyanlı” adlandırıb. Z.Balayan bir şeyi deyir, ancaq qorxduğu başqa şeylərdir - Azərbaycanı gördükdə, beyni erməni təbliğatı ilə doldurulmuş istənilən insanda bu təbliğatın həqiqiliyinə şübhə yaranır, barəmizdə erməni mifləri dağılır.
Məncə biz, daha soyuqqanlı olub, emosiyalarımızdan daha çox müharibə şəraitində olduğumuz düşmənə vura biləcəyimiz informasiya zərbəsini daha prioritet hesab etməliyik. İdmançılar burada qalmayacaqlar, iki həftədən sonra qayıdacaqlar, ancaq Azərbaycan barədə şəxsi təəssüratlarını aparacaqlar.”
Redaksiyadan: Əvvəlcədən qeyd olunduğu kimi, KŞ-nın yaradılmasını istəyən döyüşüçlər bura qoşula bilər. Qoşulma sərbəstdir.
QAZİLER.AZ