Ankarada Rəsulzadənin anım mərasimi keçirilib - “Mütəşəkkür millət səni xatırlar...”

Ankarada Rəsulzadənin anım mərasimi keçirilib - “Mütəşəkkür millət səni xatırlar...” backend

Ankarada, Azərbaycan Kültür dərnəyində Azərbaycan Demokratik Respublikasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 65-ci ildönümü münasibəti ilə “Mütəşəkkür millət səni xatırlar...” adlı anım mərasimi keçirilib.

Qaziler.az bildirir ki, mərasimdən əvvəl tədbirin təşkilatçıları, Rəsulzadənin ev-muzeyi ictimai qrupu, Rusiya azərbaycanlıları İttifaqı, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu və Ankara Kültür dərnəyinin üzvləri Öndərin Əsri məzarlığındakı qəbrini ziyarət edib, məzarı üzərinə əklillər və gül dəstələri qoyublar.

Türkiyə ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi bu ziyarətdə Rəsulzadə ehtiramla anılıb, çıxışlarda onun Azərbaycan dövlətinin yaradılması və yaşadılmasındakı tarixi rolu qeyd edilib.

Mərasim Kültür dərnəyində davam etdirilib. Anım mərasimini giriş sözü ilə açan Kültür dərnəyinin baş katibi Tuncər Kırhan Azərbaycan İstiqlal mücadiləsində M.Ə.Rəsulzadənin rolundan bəhs edib.

Mərasimdə çıxış edən tarix elmləri doktoru, professor Solmaz Tohidi M.Ə.Rəsulzadənin mübarizələrlə dolu həyatı və Cümhuriyyət quruculuğu məsələlərindən söhbət açıb.

Tədbirdə çıxış edən xalq rəssamı Rəis Rəsulzadə, professor Qulu Məhərrəmli, ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev, rəssam Rafael Gülməmmədov, Rusiya azərbaycanlıları ittifaqının mətbuat xidmətinin rəhbəri Anar Həsənov, Kültür dərnəyi Qadınlar Şurasının sədri Nəzrin Önal və başqaları Məhəmməd Rəsulzadənin Azərbaycan xalqının taleyindəki rolu barədə danışıblar. Tədbir iştiralçıları RAİ rəhbəri Fizuli Məmmədovun Rəsulzadə Ev Muzeyi İctimai Qrupunun fəaliyyətinə dəstək verdiyini xüsusi vurğulayıb, minnətdarlıqlarını bildiriblər.



Tədbirdə “Rəsulzadə Ev-muzeyinin” hazırladığı “Azərbaycan davası” adlı sənədli film nümayiş etdirilib.

M. Ə. Rəsulzadənin vəfatının ildönümü ilə bağlı RAİ rəhbəri Fizuli Məmmədovun adından mərasim iştirakçıları üçün ehsan süfrəsi açılıb.

RAİ nin mətbuat xidməti
Diaspora