Azərbaycan Ordusu üçün “dron sürüsü” yaradılır — Düşməni lərzəyə salacaq sınaqlar başlayır

Azərbaycan Ordusu üçün “dron sürüsü” yaradılır — Düşməni lərzəyə salacaq sınaqlar başlayır backend

Müxtəlif növ dronların və “gəzən sursat”ların layihələndirilməsi və yaradılması ilə məşğul olan “Azeltech” şirkəti yaxın aylarda özünün bir neçə belə məhsulunu hərbçilərin iştirakı ilə sınaqdan çıxarmağa hazırlaşır.

Bu barədə “Azeri Defence” jurnalına açıqlamasında şirkətin direktoru Samir Süleymanov məlumat verib.

“Azeltech” şirkətinin dron qruplarının bir mərkəzdən idarə edilməsi və bu cür texnoloji vasitələrdə süni intellektin ikişaf etdirilməsi ilə bağlı işlər apardığını deyən şirkət rəhbərinin sözlərinə görə, artıq müəyyən mərhələ qət edilib.

“Aprel ayında radioelektron mübarizə vasitələrinin tətbiq edildiyi ərazilərdə, GPS olmadan uça bilən dronlarımızın və müxtəlif təyinatlı kamikadze PUA-nın sınaqlarını keçirməyi düşünürük. Növbəti mərhələdə isə dronların sürü şəkilində bir mərkəzdən idarə olunması və avtonom rejimdə hədəfin tanınması üçün işlər görüləcək. Bunu üçün xüsusi alqoritmlər işlənilir” - deyə Samir Süleymanov bildirib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında aparılan “Bahar Pınarı” əməliyyatında kamikadze dron sürülərindən istifadə edilməsi son günlər Azərbaycan da daxil olmaqla, xarici ölkələrin KİV-lərində müzakirə olunur. Dünya hərb tarixinə kamikadze dronların sürü halında hücumlarını ilk dəfə reallaşdırdığı iddia olunan Türkiyə Silahlı Qüvvələri bununla da yeni bir səhifəni açmış oldu.

1500-2500 metr uzaqlıqda yerləşən Suriya Ordusunun bölmələrinin üzərinə “Karğu” adlı kamikadze dronların sürü halında göndərilməsi nəticəsində Suriya Ordussu çox sayda canlı qüvvə və zirehsiz texnikasını itirib.

Qeyd edək ki, bir mərkəzdən idarə edilən dron sürüləri süni zəkanın, üz və obyekt tanıma kimi qabaqcıl alqoritmləri sayəsində hücum ediləcək hədəfləri özləri seçir və hədəfə taran etməklə, yaxud bəlli məsafədə özünü partlatma üsulu ilə hədəfi məhv edir.

Hərbi ekspertlərin sözlərinə görə, 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə Azərbaycan Ordusu da bu gün Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində PUA-lar ilə tətbiq etdiyi kamikadze hücumlarından istifadə edib.

DSX-nin “Harop” zərbə PUA-ları ilə etdiyi hücumlar zamanı düşmənin çox sayda canlı qüvvəsi, cəbhəyə könüllüləri daşıyan avtobusu, hərbi hissənin kazarması, komanda-idarəetmə mərkəzi, artilleriya mövqeləri məhv edilib. Ekspertlər hesab edirlər ki, Azərbaycan Ordusu Türkiyənin mütərəqqi texnologiyalarından və Suriyada apardığı döyüş təcrübəsindən gələcəkdə özünün döyüş əməliyyatlarında yararlana bilər.

Ekspert: "Türkiyə dron hücumları ilə Rusiya istehsalı olan ZRK-nin effektivliyini sual altında qoydu"

PUA-ların sürü və ya qrup şəklində istifadəsinin yeni perspektivli bir istiqamət kimi meydana çıxdığını deyən Müdafiə Nazirliyinin Raket-Artilleriya Silahları Xidmətinin sabiq rəisi Əhəd Əzizov “Azeri Defence”yə açıqlamasında bildirib ki, dron sürüsünün təşkil edilməsinin əsas prinsipi kimi kiçik bir məkanda bir-birinə mane olmadan uçan minlərlə böcəklərin hərəkəti götürülüb.

Bu tətbiq üsulu isə öz növbəsində əsasən kiçik ölçülü dronlarda geniş istifadə olunur. Dronlar qrupda (sürüdə) birləşdikdən sonra onların hər biri avtomatik olaraq idarə edilir, qrupun ümumi fəaliyyətinə isə avtonom şəkildə süni zəka elementlərinə malik proqram təminatı və ya bilavasitə operator tərəfindən nəzarət edilir.

Suriyanın şimal-qərbindəki İdlibdə həyata keçirilən “Bahar qalxanı” hərakatında Türkiyə Silahlı Qüvvələrinin PUA-lardan istifadəsini şərh edən Ə.Əzizovun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri ilk dəfə PUA və silahlı PUA-nı birlikdə sürü halında tətbiq etməklə, həmçinin artilleriya birləşmələri ilə koordinasiyalı şəkildə Bəşər Əsəd rejiminin çoxsaylı hədəflərini məhv edib. Döyüş fəaliyyətləri zamanı havaya eyni anda onlarla “kamikadze dron” qaldırılıb və rejim qüvvələrinin bazalarına, silah-sursat anbarlarına, bundan başqa bir neçə texnikasına (zirehli və avtomobil), zenit-raket kompleksinə (ZRK), o cümlədən Rusiya istehsalı olan 96K6 “Pantsir-S1” özüyeriyən zenit raket-top kompleksinə zərbə endirilib: “Qeyd etmək istəyirəm ki, “Pantsir-S1” ZRTK bir sistem olaraq özü məhz mülki və hərbi obyektlərin, o cümlədən uzaq mənzilli HHM vasitələrinin pilotsuz uçan aparatlar da daxil olmaqla bütün müasir və perspektiv hava hücumu vasitələrindən yaxın müdafiəsi üçün təyin edilib. Lakin bu hadisədən sonra hava hücumundan müdafiə üçün təyin edilmiş Rusiya istehsalı olan vasitələrin effektivlik məsələsi də böyük sual altına düşdü”.

Ə.Əzizovun sözlərinə görə, dronların böyük sürü halında tətbiq edilməsi nəticəsində tarixdə ilk dəfə olaraq böyük ərazini nəzarət altına almaq və çoxsaylı yerüstü hədəfləri məhv etmək mümkün olub. Bu ilki isə dünya hərb tarixinə qardaş Türk Silahlı Qüvvələri qızılı hərflərlə yazıb.

“Türkiyə Silahlı Qüvvələrinin istifadə etdiyi dronlar aşağı hündürlükdə uçurlar və hədəfə dərhal reaksiya verirlər. Üstəlik, bir neçə PUA eyni hədəfə müxtəlif istiqamətlərdən dərhal hücum edə bilir. Əslində onlardan heç bir qaçmaq da mümkün deyil, çünki asanlıqla binaya da uçaraq daxil olur və orada partlayırlar”, – deyə Ə.Əzizov vurğulayıb.

Son 30 ildə dünyanın müxtəlif regionlarında baş verən müharibələrdə dronların tətbiqi praktikasını təhlil edən Ə. Əzizovun sözlərinə görə, onlardan ən effektivlisi nisbətən yaxın məsafəyə uçan və çox da ağır olmayan döyüş sursatlarını daşıya bilən yüngül platformalardır. Bu droların əsas effektivliyi isə onların iqtisadi cəhətdən ucuz olması və yetirdiyi zərbənin dəqiqliyidir: “Belə dronlar hər uçuşu çox baha başa gələn güclü döyüş sursatı ilə silahlanmış ağır PUA-lara nisbətən daha dəhşətli gücü tərənnüm edir və böyük zərər verir. Yüngül dron sürüsündən müdafiə məqsədilə “S-300” (“S-400”) və ya “Patriot” kimi zenit-raket sistemlərini tətbiq etmək sərçəyə top atəşi atmaq kimi bir şeydir. Yüngül dron sürüsünə qarşı effektiv mübarizə aparmaq üçün digər vasitələr lazımdır. Burada isə etiraf etmək lazımdır ki, hazırki dövrdə dron sürüsünü 100%-lik ehtimalla məhv edəcək etibarlı sistemlər hələ mövcud deyil”.

Ə. Əzizov bildirib ki, PUA-ların qrup və ya sürü şəklində tətbiqinin bəzi üstünlükləri var. Bunları aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

tapşırıqlardan asılı olaraq daşınan faydalı yük bir neçə PUA arasında bərabər bölüşdürülür;

fors-major və ya qəza hallarında PUA və faydalı yük itkisi mühüm dərəcədə azalır;

çox sayda dronların fəzada yerləşdirilməsi və fasiləsiz qarşılıqlı əlaqəsi nəticəsində hədəfin (ərazinin) koordinatlarının dəqiqliyi yüksəlir;

havada uçuş trayektoriyasından asılı olaraq dronların yer səthinə nisbətdə fərqli görmə

bucaqlarına görə daima yenilənən nəticələr əldə olunur;

zəruri qərarın qəbul edilməsi üçün tələb olunan nəticələrin əldə olunması müddətləri sürətlənir.

“Bir çox hallarda PUA dedikdə, adətən insan elə təsəvvür edir ki, havada asqılarında idarə olunan döyüş sursatları asılmış kifayət qədər böyük ölçülərə malik obyekt uçur. Əlbəttə ki, böyük dronlar da olduqca uğurlu işləyir və döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirirlər. Ancaq indi piyadalarda sürü şəklində patrulluq edən, kiçik (yüngül zirehli və zirehsiz) texnikaları və şəxsi heyəti belə demək olarsa “incə təmizləmə rejimində” məhv edən müasir “kamikadze dron”lar daha çox qorxu yaradır. Suriyada rejim qüvvələri ilə mübarizədə Türkiyə Silahlı Qüvvələrinin sürü şəklində tətbiq etdiyi dronlar sırasında “Karğu” kiçik ölçülü “kamikadze dron”u özünəməxsus yerə malikdir”, – deyə Ə.Əzizov əlavə edib.

“Karğu” multikopteri Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sifarişi əsasında Türkiyənin STM (Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.) şirkəti tərəfindən hazırlanmış avtonom “gəzən sursat”dır. Sutkanın gündüz və gecə vaxtı kəşfiyyat və hücum əməliyyatlarının keçirilməsi üçün nəzərdə tutulan “Karğu” bir əsgər tərəfindən daşına və idarə oluna bilir. Hədəfin təyin olunması, ona hücum edilməsi, tapşırığın icra prosesində hədəfin dəyişdirilməsi və yaxud hücumdan imtina edilməsi kimi funksiyalara malik “Karğu” dronunun yenilənmiş versiyasında təyin edilmiş məsafədə partlatma, habelə sürü halında hücum, üz tanıma kimi müasir alqoritmlər tətbiq edilib.

“Karğu” 0,3-1,0 kq ağırlıqda faydalı yük, o cümlədən partlayıcı maddəli döyüş başlığı daşıya və hədəfə 45 dərəcə bucaq altında hücum edə bilir. “Karğu”nun əsas özəlliyi, asimmetrik hərbi və anti-terror əməliyyatlarında, xüsusilə terror təhlükəsi və ya təhdidi baxımından şəxsi heyət həmin bölgəyə girməzdən əvvəl bu bölgədəki təhdidləri dərk etməyə və aradan qaldırmağa imkan verən sistem olmasıdır:

“Bu imkanlardan ərazidə olan şəxsi heyət asanlıqla istifadə edə bilirlər. Onlara bunun üçün heç bir komanda mərkəzi və cihaz lazım deyil. İstəsələr, bu təhlükəni aradan qaldırmaq üçün özləri ilə birlikdə apardıqları partlayıcı maddələrdən istifadə edə bilirlər. Bu mənada STM şirkətinin öz məhsulu ilə anti-terror əməliyyatlarına əhəmiyyətli bir töhfə verdiyi düşünülür. İlk dəfə real döyüş şəraitində müvəffəqiyyətlə istifadə olunan “Karğu”, onlarla drondan ibarət sürü halında vəzifələri öz aralarında bölüşməyi və döyüş tapşırıqlarını uğurla yerinə yetirməyi bacarmışdır”.
Diaspora