Qarabağın qədim dövr arxeoloji irsinə həsr edilmiş kitab nəşr edilib
Qaziler.az bildirir ki, monoqrafiyada Azərbaycanın ayrılmaz və əzəli ərazisi olan Qarabağda tunc və ilk dəmir dövründə cərəyan etmiş etnik-mədəni proseslər izlənilir. Əsərdə yaşayış yerləri, qəbir abidələri, abidələrdən əldə olunmuş artefaktlar, ibtidai memarlıq, dəfn mərasimi, təsərrüfat sahələri, sənətkarlıq, iqtisadi-mədəni əlaqələr, ictimai quruluş və s. haqqında ətraflı məlumat verilir.Elmi tədqiqat əsəri səkkiz fəsildən ibarətdir. Birinci fəsil Qarabağın arxeoloji abidələrinin tədqiqi tarixinə, ikinci fəslində Qarabağın ilk tunc dövrü, üçüncü fəsil orta tunc dövrü, dördüncü fəsil son tunc və ilk dəmir dövrü abidələrinə, abidələrdən aşkar edilmiş artefaktlara həsr edilmişdir. Əsərin beşinci fəslində abidələrin xronoloji dövrləşdirilməsi problemlərinə toxunulur. Monoqrafiyanın altıncı fəsilində tədqiq edilən dövrdə regionun təsərrüfat həyatından və sənətkarlıqdan bəhs edilir. Yeddinci fəsildə göstərilən dövrdə Qarabağın ətraf dünya ilə mədəni-iqtisadi əlaqələri işıqlandırılmışdır. Nəhayət, əsərin səkkisinci fəslində tunc dövründə Qarabağ ərazisində qədim əhalinin ictimai quruluşu mövzusundan söz açılır.
Göstərilən fundamental tədqiqat əsərində professor H.Cəfərov arxeoloji faktlarla Qarabağın tunc dövründə etnik və mədəni baxımdan tarixi Azərbaycanın digər regionları ilə üzvü bağlı olduğunu göstərmişdir.
Əsər AMEA Arxeologiya və Etnoqrafiya İnsttitutunun Elmi Şurasının 11 fevral 2019-cu il tarixli iclasının (Protokol N3) qərarı ilə çap edilib. Əsərin elmi rəyçiləri t.e.d., professor A.Seyidov və t.e.d., professor N.Müseyiblidirlər.
Monoqrafiya arxeoloqlar, tarixçilər, etnoqraflar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.