Ölkəmizdə keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Çexiya, Belarus, İsveçrə, Hollandiya, İtaliya, Fransa, Serbiya, Böyük Britaniyanın idmançıları Azərbaycana gəliblər. APA-nın məlumatına görə, onları Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri qarşılayıblar.
İdmançılar daha sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar. Qonaqlar arasında sözügedən ölkələrin jurnalistlər və nümayəndə heyətləri də olublar. 4 ölkədən olan media nümayəndələrini Heydər Əliyev adına Hava Limanında Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.
Qeyd edək ki, yarışlara kimi Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev adına Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərəcək.

Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların da 16-sı Olimpiya növləridir.