REPLİKA... Şantajla, şər-böhtanla ürək bulandıranlar...Reket mətbuatın arxasında kimlər dayanır? Düzü, heç bilmirəm nədən başlayım.Elə çətin, ürəkbulandırıcı durumla üz-üzəyik ki! Şantaj, şər-böhtan, yalan ayaq tutmasa da, reket mətbuatın gündəmindən düşmür. Gündəlik “reket atəşləri” səngimək bilmir. Gerçəkdə elə reketlərin amacı da şantajla pul qazanmaqdır. Bu əməlin konkret cinayət maddəsilə tövsif olunduğunu da hüquq mühafizə orqanları gözəl bilir.
Adını çəkib tirajlamaq istəmirəm,”GÜNDƏLİK REKET”, ”REALPRESS REKET”qəzetləri icra başçılarını, maliyyə işçilərini cana yığıb. Özünü hüquq doktoru, professor (yəqin şantaj üzrə) kimi təqdim edən birisi Ağsu rayonu üzrə “ixtisaslaşıb”. Bir az öncə əxlaqsızlıq yuvası kimi istifadə etdiyi Muğanlı-Ağsu yolundakı restoranda aparılan yoxlamadan “qələmi qırılan” şantaj ustası Ağsu RİH başçısını hədəfə götürüb. Guya başçı təyin ediləndən hələ 6 il qabaq vəzifəsindən istifadə edib, rayon sakinlərini intihar həddinə çatdırıb. Axı, 2001-ci ildə olan olaya görə 2007-ci ildə başçı təyin edilən şəxs necə məsuliyyət daşıya bilər? Heç demə, əxlaqsızlıq yuvasının “jurnalist” yiyəsinin gözü Ağsu yolundakı yeni obyektə düşüb və reketliklə, şantajla oranı ələ keçirmək fikrindədir. Halbuki “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə görə belə obyektlər əlillərə verilməlidir. Reketlər isə nə əlil haqqı tanıyır, nə də şəhid haqqı. Onların bircə reket haqqı var ki, onu da şantajla ala bilməyəndə nəşriyyatdakı qohumlarını, əmoğlularını, ALLAH VERDİ, vermədi, kim gəldi işə salıb, beş-on nüsxə reket məhsulunu şantaj obyektlərinə ünvanlayırlar. Məmurlar da neyləsin, milçək bir şey deyil, amma ürək bulandırır.Reket qələmbazlar şantaj qələmlərini o həddə kimi itiləyirlər ki, haqq-sayı da unudurlar. Guya nəinki rayona, ölkəyə peşəkar xidmət göstərən böyük bir nəsil Ağsunu çökdürüb, camaat kütləvi intihar edir. Hətta xarici ölkələrdə baş verən terror hadisələrinin günahkarı da Ağsunun Pirhəsənli kəndindən olan icra başçısı və onun qohumlarıdır. Adından bəlli olduğu kimi, Pirhəsənli kəndi seyid-peygəmbər övladlarının ocağıdır. (Şair də gözəl deyib:”Adından bəllidir pirə düşmüşük, könlümüz istəyən yerə düşmüşük”). Başçının mərhum babasının əlindən çox adamlar şəfa tapıb, indi də o kişinin nəslinin ocağına şəfa üçün gələnlər az deyil. Bu nəsildən yaxşılıqdan başqa ayrı nəsnə görən olmayıb. Elə onların humanistliyindən istifadə edib qapısında dilənənlər indi şantaja keçiblər! Ar bilirlər ki, ar olsun da deyəsən?!
İndi də “GÜNDƏLİK REKET” qəzeti İsmayıllı rayon maliyyə idarəsinin rəisini “reket atəşi”nə tutub. Guya idarə rəisi işə gəlməyəndə toy-bayram olur, gələndə isə çaxnaşma düşür. Bu da “maliyyədə acınacaqlı durum” yaradır və rayon maliyyəsi çökmək üzrədir. Bu xəbəri yazdıran reketdən bir soruşan yoxdur ki, hansısa müdirin işə gəlib-gəlməməsilə maliyyədə hansı sağalmaz durum yarana bilər? Reket olanda nə olar, heç olmasa, şantaj təxəyyülünüzü inkişaf etdirin də! Məsələn, icra başçısı maliyyədən elə asılıdır ki, müdir işə çıxmayanda iclas keçirə bilmir, vətəndaşlar maliyyə idarəsinin qapısındakı taxta pilləkəndən yıxılıb ölürlər. Polisin də başı əxlaqsızlıq yuvasındakı reketləri ifşa etməyə qarışdığından tədbir görən də yoxdur. Bax, onda bəlkə payınız artıq düşər.
“Reket atəşi”nin başlıca hədəfi “paket”dir. Biz isə problemin “paket”lə çözülməsində maraqlı deyilik. Ona görə də hüquq-mühafizə orqanlarını “paket reketliyinə qarşı” cavab atəşinə səsləyirik.
M.BƏDƏLLİ