Nazirlər Kabineti yanında operativ qərargahın adından Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq etdiyinə dair məlumat yayılıb.
Nazirlər Kabinetinin Operativ qərargahının 012 492 41 61 saylı “Qaynar xətti”nə cavab verən nümayəndəsi Orxan Zeynalov Modern.az-a açıqlamasında faktı təkzib edib:“Qərargah tərəfindən heç bir sayta, KİV-ə bu barədə məlumat verilməyib. Yazılanlar dezinformasiyadır”.
Məsələni dəqiqləşdirmək istəsək də Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova dəfələrlə etdiyimiz zənglərə cavab verməyiblər.
Ölkənin baş infeksionisti Cəlal İsayev isə məsələdən xəbərsiz olduğunu deyib:
“Çəkilişdən indi çıxmışam, məlumatsızam”.
Maraqlıdır ki, hər gün “Azərbaycanda koronavirus yoxdur” deyən baş infeksionist bu gün - insanların onun sözünə ehtiyacı olduğu bir vaxtda susmağı seçir.
Qeyd edək ki, rəsmi dövlət agentliyi “AzərTac”ın yaydığı məlumata görə, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir.
Xəstəxana pasiyenti müvafiq terapiya ilə təmin etmək və infeksiyanın yayılmasına yol verməmək üçün peşəkar həkim heyətinə və ixtisaslaşmış avadanlığa malikdir.
Bundan başqa, virusun yayılmasının məhdudlaşdırılması və onun arzuolunmaz nəticələrə yol açmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə, o cümlədən bütün lazımi məlumatları əldə etmək məqsədilə virusun mənbəyinin və yayılma yollarının, digər yoluxma hallarının aşkarlanması ilə bağlı xəstənin kontaktlarının müəyyən edilməsinə başlanılıb.