“Bakı şəhərində bir neçə böyük ət kəsimi məntəqəsi fəaliyyətini dayandıracaq. Bu məntəqələrdən biri “Keşlə” bazarında, digəri isə “Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bildiyiniz kimi, “Keşlə” bazarının yaxınlığındakı yol layihə üzrə genişləndiriləcək. Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı rəsmi məktub almışıq”.
QAZİLER.AZ saytı xəbər verir ki, bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova deyib.S. Rüstəmova bildirib ki, Şamaxı, Salyan və Quba istiqamətindən paytaxta girişdə böyük ət kəsimi məntəqələri tikiləcək: “Məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır. Həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq”.
Xidmət rəisi paytaxtda qeyri-qanuni ət kəsimlərinin ləğv edildiyini də bildirib: “Qeyri-qanunu ət kəsimlərinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan pul cəzalarının miqdarı çox aşağıdır. İnsanlar demək olar ki, eyni əməlləri təkrar edirlər. Bildiyiniz kimi, I Avropa Oyunları ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışır. Artıq cədvəl üzrə xeyli iş görülüb. Baytarlıq-sanitariya ekspertiza laboratoriyasının əməkdaşları növbəli iş rejiminə keçiblər. Bazarlara məhsullar adətən gecələr gəlir. Onlar gecə məhsulların müayinələrini aparırlar ki, səhər satışda problem çıxmasın”.