2025-ci ildə Azərbaycanda əhalinin sayının 11 milyona yaxın olacağı gözlənilir

2025-ci ildə Azərbaycanda əhalinin sayının 11 milyona yaxın olacağı gözlənilir backend

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin Əhali Fondunun Türkiyədəki nümayəndəsi və Cənubu Qafqaz üzrə regional direktoru Zahidul Haqla görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, görüşdə BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Bruk da iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın makroiqtisadi inkişaf göstəricilərini diqqətə çatdırıb: “Aparılan təhlillər sabit demoqrafik vəziyyətin hökm sürdüyü Azərbaycanda əhalinin 2005-2015-ci ilə qədər olan dövrdə 1 milyon 145 min 600 nəfər artdığını göstərir. Hazırda əhalinin sayının 9,6 milyondan çox olduğu respublikada əhalinin illik artım tempi 1,3 faiz təşkil edir və proqnoza əsasən 2025-ci ildə ölkəmizdə doğulanların sayının 205 300 nəfərə, əhalinin sayının 10 milyon 970 min 300 nəfərə çatacağı gözlənilir”.

Nazir həmçinin körpə və uşaq ölümü hallarının kəskin şəkildə azaldığını, doğulanda gözlənilən ömür uzunluğunun mütəmadi olaraq artdığını konkret göstəricilər əsasında nəzərə çatdırıb.

S.Müslümov BMT-nin Əhali Fondu ilə hələ 1994-cü ildən həyata keçirilən əməkdaşlıqdan bəhs edib: “UNFPA ilə əməkdaşlıqda icra olunmuş proqramlar ölkədə müvafiq sahədə məsələlərin həllində, institisional bazanın təkmilləşdirilməsində, kadr potensialının yaradılması və inkişafında, maarifləndirmə işlərində və s. mühüm dəstək rolunu oynayıb. Azərbaycanda 2015-2025-ci illəri əhatə edən növbəti «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsinin qiymətləndirilməsi işlərində də UNFPA-nın ekspert dəstəyini yüksək dəyərləndiririk. Bu layihədə qeyd olunan Fəaliyyət Proqramındakı vacib tezislər, eləcə də BMT-nin 2015-ci ildən sonrakı dövr üçün irəli sürdüyü siyasi prinsiplər, ölkənin milli strateji prioritetləri əhatə olunub”.

Z.Haq Azərbaycanda əldə olunan sürətli tərəqqi proseslərinin, o cümlədən müsbət demoqrafik mənzərənin, əhali sakinliyi sahəsində pozitiv proseslərin onda xoş təəssürat oyatdığını, həmçinin respublikada bu sahədə aparılan siyasətdə BMT prinsiplərinin həmişə nəzərə alınmasından məmnunluğunu ifadə edib. Görüşdə UNFPA tərəfindən hazırlanmış gender əsaslı cinsi seçimlə mübarizəyə dair layihənin həyata keçirilməsi, ölkədə demoqrafiya və əhali sakinliyi sahəsində elmi-tədqiqat işlərinin aparılması, bu sahədə elmi kadr potensialının inkişafı, Əhali Sakinliyi və Demoqrafiya üzrə Tədqiqat və Təlim Mərkəzinin fəaliyyət göstərməsinin təmin edilməsi, demoqrafik inkişafın qiymətləndirilməsi, əhali proqnozlarının hazırlanması və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadilələri aparılıb.
Diaspora