Goranboyda “Vətənin müdafiəsinə hazıram!” devizi altında tədbir keçirilib

Goranboyda “Vətənin müdafiəsinə hazıram!” devizi altında tədbir keçirilib backend

Fevralın 20-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Goranboy Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” devizi altında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş kütləvi tədbir keçirib.

Qaziler.az bildirir ki, rayon rəhbərliyinin, gənclərin, ictimaiyyətin, şəhid ailələri nümayəndələrinin, veteranların və hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə güllər düzüblər. Həmçinin Goranboy rayonunda yerləşən Xocalı qətliamı qurbanlarının xatirə kompleksini ziyarət ediblər.

Dövlət Himninin ifası ilə başlayan tədbirdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülmüş işlərdən, qazanılmış uğurlardan danışıb. Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində gənclərin inkişafı məqsədilə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev ötən əsrin sonlarında ölkəmizdə hərbi-siyasi şəraitin ağır dövründə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Respublikamızın dövlət müstəqilliyinin qorunub saxlanıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında davam etdirilən hərb quruculuğu siyasətindən, əldə edilmiş nailiyyətlərdən söz açıb.

General-mayor Mayıl Şahverdiyev 28 il əvvəl Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, dinc azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktının ümumən bəşərə, insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğunu bildirib. Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülmüş işlərdən danışıb.
Şəhid Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə Aslanova Xocalı faciəsinin ermənilərin tarixən xalqımıza qarşı həyata keçirdikləri düşmənçilik siyasətinin bir hissəsi olduğunu bildirib. Gəncləri tariximizi yaxşı öyrənməyə, düşmənlərimizi tanımağa çağırıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli Ermənistanın etnik düşmənçilik zəminində azərbaycanlılara qarşı soyqırım həyata keçirməsinin beynəlxalq təşkilatlar, eləcə də xarici dövlətlər tərəfindən tanınması məqsədilə görülmüş işləri diqqətə çatdırıb.
Tədbirdə Xocalı və Goranboy rayon məktəbliləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında keçirilmiş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Münsiflər heyətinin qərarına əsasən 1-ci yerə Goranboy şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Mehdixan İsmayılov və Xocalı rayon Yaloba kənd tam orta məktəbin 10-cu sinif şagirdi Məğrur Ağayev, 2-ci yerə Goranboy rayon 2 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Solmaz Əmrahova və Xocalı rayon Qaragav kənd tam orta məktəbin 11-ci sinif şagirdi Gülnarə Əliyeva, 3-cü yerə isə Goranboy rayonu Qızılhacılı kənd 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Aysən Həsənova və Xocalı rayon Başkənd kənd tam orta məktəbin 10-cu sinif şagirdi Rəsul Hümbətov layiq görülüblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Goranboy Rayon İcra Hakimiyyətinin, Gənclər Fondunun nümayəndələri tərəfindən qaliblərə müvafiq diplomlar və mükafatlar təqdim edilib.
Sonda Naftalan şəhər İ.Nəsimi adına 1 saylı orta məktəbin şagirdləri vətənpərvərlik ruhunda hazırladıqları mükəmməl kompozisiyanı təqdim ediblər. Hərbi orkestrin və hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının çıxışları təqdim olunub.
Diaspora