“Bakıdakı 20 nömrəli məktəbin eskizi Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olaraq təsdiqlənib. Məktəbin tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Nazir Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 20 nömrəli məktəbin ərazisində park salınması ilə bağlı ideyasına da münasibət bildirərək bu işdə nə isə bir anlaşılmazlıq olduğunu deyib: “Hacıbala Abutalıbov təhsillə bağlı olan adamdır. Mən onun fikri ilə tanış deyiləm. Yəqin ki, anlaşılmazlıq olub. Düşünürəm ki, bu işdə heç bir problem olmayacaq. İşlər qrafikə uyğun aparılsa, 20 nömrəli məktəbin tikintisinin 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Son illərdə onlarla məktəb tikilib, təhvil verilib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır”. Nazir paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürünü də bildirib.Təhsil naziri qeyd edib ki, 20 nömrəli məktəbdə təhsil alan şagirdlər iki ayrı məktəbə yerləşdirilib: “20 nömrəli məktəb ən böyük məktəblərdən biridir və orada 3000-ə yaxın şagird oxuyur, 110-dan çox sinif var. Bir neçə innovativ, o cümlədən elektron tədrisi və təhsili tətbiq edən mexanizmlər 20 nömrəli məktəbdə tədris olunur. Çox böyük olduğuna görə orada təhsil alan şagirdləri iki ayrı məktəbdə yerləşdirə bilmişik”.