Bu gün Xalq şairi Nəriman Həsənzadənin doğum günüdür. N.Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun Poylu qəsəbəsində anadan olub.
Moderator.az bu münasibətlə Xalq şairi haqda yazıçı dostlarının fikrini öyrənib.Xalq şairi Fikrət Qoca saytımıza açıqlamasında N.Həsənzadəylə illərin dostu olduğunu bildirib:
“Nərimanla biz illərin dostuyuq. O, məndən bir neçə yaş böyükdür, amma bir yerdə olmuşuq həmişə. Bir binada qonşu olmuşuq. Bir-birimizə həmişə hörmətlə yanaşmışıq. O, bizim böyük Xalq şairimizdir. İndi də Yazıçılar Birliyində Ağsaqqallar Şurasının sədridir. Ona Allah hər şey verib. O, şeirləri kimi çox səmimidir və mən də onu doğum günü münasibətilə təbrik edirəm”.
Yazıçı Elçin Hüseynbəyli isə saytımıza açıqlamasında onu Şuşaya aparacağına söz verdiyini dedi:
“Nəriman müəllimin bizim uşaqlığımızın, cavanlığımızın və elə indinin şairidir. Çünki gözümü açandan elə onun adını eşitmişəm, şeirlərini oxumuşam. O, uzun müddət “Ədəbiyyat və İncəsənət” qəzetinə rəhbərlik edib, müxtəlif sahələrdə çalışsa da, əsasən ədəbiyyatla bağlı olan adamdır. Mən elə bilirəm ki, o, özünü ədəbiyyatsız heç vaxt təsəvvür etməyib və indi də təsəvvür etmir. Bir insan kimi də Nəriman müəllim hümanist, ürəyiyumuşaq, pozitiv bir insandır. Ona görə də ölkəmizdə onun böyük nüfuzu var. Təbii ki, mən ona uzun ömür, cansağlığı arzulayıram. Biz onunla bir neçə səfərdə olmuşuq, o cümlədən də Cocuq Mərcanlıya səfərimiz olub. O, həmişə məni görəndə deyir ki, sən məni Şuşaya aparmağa söz vermisən, mən də deyirəm ki, söz vermişəm, aparacam, amma əsas odur ki, Allah sizə ömür versin”.
Şair Qəşəm Nəcəfzadə onun başdan-ayağa şair olduğunu bildirdi:
“Nəriman müəllim təpədən-dırnağa şairdir. O, indinin özündə də şairliyini qoruyub saxlayıb. Bu yaşda heç bir şair “diri” qala bilmir. Nəriman müəllim “diri”, gənc şairdir. Elə adam var ki, gəncdir, amma düşüncəsi qocadır, eləsi də var yaşlıdır, amma gəncdir, müasirdir. Nəriman müəllim də elə düşüncəsi gənc şairlərdəndir. O, bu yaşında da gəncliyindəki kimi gözəl şeirlər yazır. Onda səmimiyyət, poetika çox güclüdür. Mən də doğum günü münasibətilə onu təbrik edirəm”.



