Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb

Sahil Babayev Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb backend

Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Macarıstanda səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Macarıstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, S.Babayev Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətində gənc nəslin qayğı ilə əhatə olunmasının, onların hərtərəfli inkişafına, faydalı məşğulluğuna, ölkənin ictimai-siyasi həyatında iştirakına şərait yaradılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.
O, hər il orta hesabla 80-100 min gəncin əmək bazarına daxil olduğu ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları, bu proqramların ildən-ilə genişləndirilməsi üçün atılan mühüm adımları qeyd edib.
Nazir qeyd edib ki, 2000-ci ildən etibarən dövlәt xәtti ilә xarici ölkәlәrin ali tәhsil müәssisәlәrindә 11 900-dən çox gəncimiz təhsil alıb. Xüsusilə, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı çərçivəsində gənclərimiz xarici ölkələrdə, dünyanın nüfuzlu təhsil ocaqlarında təhsil almaq üçün geniş imkanlar əldə ediblər. Hazırda 500 gəncimiz də Macarıstanda ali təhsil alır.
Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlar barədə məlumat verən S.Babayev qeyd edib ki, ölkəmizin bütün sahələrdə inkişafında gənclərə xüsusi önəm verilir. Onlar bütün istiqamətlərdə islahatlarda aparıcı qüvvə kimi çıxış edirlər. Xüsusilə də sosial-iqtisadi idarəetmə sistemlərinin tam müasirləşdirilməsi proseslərində müasir biliklərə yiyələnmiş gənclərimizin fəal iştirakına şərait yaradılıb. Xaricdə təhsilini yüksək səviyyədə başa vuraraq Azərbaycana geri dönən, müasir elmi-texnoloji biliklərə malik gənc kadrların da bu islahatlara cəlb edilməsi diqqətdə saxlanır.
Nazir eyni zamanda, dövlət xətti ilə xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulunun müsabiqədən kənar həyata keçirildiyini bildirib.
Görüşdə S.Babayev gəncləri maraqlandıran sualları cavablandırıb.
Diaspora