“Mən heç bir halda texnoloji yeniliyin əleyhinə olmamışam. Sosial şəbəkələr də texnoloji yeniliyin məhsuludur. Cəmiyyətimizə xeyri də var, ziyanı da. Elə bir dövrdə yaşayırıq ki, ziyanını da hiss edirik. Təbii ki, bir çox şeylərin zamanla tənzimlənməsinə, yetkinləşməsinə ehtiyac var”.
Lent.az-ın xəbərinə görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “facebook” sosial şəbəkəsində yazıb.Qeyd edək ki, bu gün Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovun media rəhbərləri ilə görüşüdə Mətbuat Şurasının sədri facebook sosial şəbəkəsində bəzi profillərin tanınmış şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə toxunan statuslar yazdıqğını, kampaniya apardığını qeyd edib. O bildirib ki, bu cür profillərin fəaliyyətinin dayandırılması üçün “facebook” administrasiyasına müraciət etməyə ehtiyac var.
Ə. Amnaşovun bu fikirləri tədbirdən dərhal sonra sosial şəbəkələrdə müzakirəyə çıxarılıb.
Bununla bağlı status yazan Ə. Amaşov qeyd edib ki, bəzilərin sosial şəbəkələrdən istifadə mədəniyyətinin formalaşmasına ehtiyac var: “Bunun səviyyəsindən asılı olmayaraq sosial şəbəkələrə, həmçinin texnoloji yeniliklərin gətirdiyi məsələlərə münasibətimiz birmənalı şəkildə inzibati müstəvidə olmamalıdır. Mətbuat Şurasının fəaliyyəti də məhz bu prinsipə əsaslanır”.
“Mən bugünkü toplantıda konkret olaraq bir profillə bağlı fikir bildirmişəm. Yenə də o düşüncədəyəm ki, insanların şərəf və ləyaqətini aşağılamaq, işgüzar nüfuzunu ləkələmək yolu tutan sosial şəbəkə profillərinə münasibətdə sərt ölçü götürülməlidir. Dünyanın bir çox demokratik ölkələrində bununla bağlı prosedurlar həyata keçirilməkdədir” deyə, Amaşov qeyd edib.
O bildirib ki, texnoloji yeniliyin gətirdiyi imkanlar heç də kimlər üçünsə cəmiyyətdə qarışıqlıq yaratmaq məramına söykənməməlidir: “ Bunun acı nəticələrini Yaxın Şərqdə baş verən proseslərdə gördük. Eyni ssenarinin ölkəmizdə təkrarlanması bizlər üçün müsbət perspektiv vəd etmir. Buna görə də hesab edirəm ki, ilk növbədə ictimaiyyətin məsələyə düzgün və qəti reaksiyasının olması mütləqdir. Əgər hansısa profildə Azərbaycanı aşağılayan fikirlər yer alırsa və bu, məqsədyönlü şəkildə həyata keçirilirsə, təbii ki, məsələyə münasibətdə də konkret mövqenin ortaya qoyulması vacibdir. İnsanı təhqir edən hər hansı profillə bağlı Azərbaycan vətəndaşı öz hüquqlarını müdafiə etmək imkanına malik deyilsə, nəzərə alaq ki, bu da insan haqları pozuntusudur. Bir çox serverlər ölkədən kənarda yerləşir. Onlara təsir mexanizmi yoxdur. Belə olan halda nə etməliyik? Bunun yolu facebook sosial şəbəkəsini idarə edənlərə etiraz bildirməkdən keçir. Belə profillərin bağlanmasına nail olmalıyıq. Dediklərim bunlardan ibarət idi”.
O, fikirlərinin “facebook”un bağlanmasına çağırış kimi qiymətləndirilməsindən təəssüflənib: “Tam əmin olun ki, Azərbaycanda belə bir geriyə addım heç vaxt ola bilməz. Sadəcə irəliyə doğru addımlarımız hər bir kəsin hüquqlarına hörmət üzərində qurulmalıdır”.