Qənirə Paşayeva Tovuzun böyük kəndlərindən olan Xatınlı kəndini gəzərək seçicilərlə, şəhid ailələri və Qarabağ müharibəsi veteranları ilə görüşüb, qayğılarını dinləyib və ona təkrar etimad göstərəcəklərini deyən sakinlərə təşəkkürünü bildirib.
“Bu 14 il ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım”, - deyən Q. Paşayeva bu illər ərzində tovuzluları narahat edən bir çox problemlərin öz həllini tapdığını deyib və həllini gözləyən problemlərin də yaxın illərdə tamamilə azalacağını bildirib. Q. Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında, bütün ölkədə, eləcə də 105 saylı seçki dairəsi ərazisində cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlər barədə məlumat verib.Qaziler.az bildirir ki, sakinləri parlament seçkilərində yaxından iştirak etməyə çağıran deputatlığa namizəd Q. Paşayeva bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.
Xatınlı sakinləri Qənirə Paşayevanın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər. Millət vəkili Q. Paşayeva görüş zamanı ona müraciət edən kənd sakinlərini narahat edən bəzi problemləri də dinləyib və qaldırılan təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyini deyib. Millət vəkili həmçinin kənddə yaşayan bir sıra şəhid ailələri, müharibə veteranları və fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.