Arzuların adı...

Arzuların adı... backend

Həyatda və jurnalistikada, eləcə də siyasətdə və həm də ədəbiyyatda tanıdığım yeganə şəxsdir ki, özünü, ixtisasını, imkanlarını qatlayıb qoyub içindəki sandığa, vətən və xalq üçün nə etmək lazımdırsa, onunla məşğul olmağa başlayıb - əlbəttə ki, bacardığı qədər, lap elə ondan da bir az çox!

Həyatda və jurnalistikada, eləcə də siyasətdə və həm də ədəbiyyatda tanıdığım yeganə şəxsdir ki, etdiyinin rəsmi hesabatını verib və heç zaman etdiklərini adıyla minnət üçün dilə gətirməyib!

Həyatda və jurnalistikada, eləcə də siyasətdə və həm də ədəbiyyatda tanıdığım yeganə şəxsdir ki, dövlət adına iş görüb – dövlətdən qəpik almayıb!

Həyatda və jurnalistikada, eləcə də siyasətdə və həm də ədəbiyyatda tanıdığım yeganə şəxsdir ki, heç bir cəbhənin təmsilçisi əleyhinə danışmır – o tərəflə də, bu tərəflə də açıq-aşkar görüşür! Nə o tərəf, nə bu tərəf onu tvist oynamaqda, satqınlıqda, siyasi riyakarlıqda, mətbu buqələmunluqda daşlaya bilmir!

Adam insanlığın, dövlətçiliyin və haqqın yanındadır – pafossuz, populizmə yuvarlanmadan və publikaya oynamadan, publikayla alver yapmadan.

Onun haqqında kimi dindirsən – jurnalistikadan, ya ədəbiyyatdan, azadlıq uğrunda ilk savaş açan mübarizlərdən tutmuş ta qocaman imzalara qədər... onu "arzuların adı” kimi dəyərləndirəcək.

Mənim Umud Mirzəyevə - Umud Rəhimoğluna ərkim olmayıb, onunla tay-tuşluğum da həmçinin, amma və lakin... ərkim və tay-tuşluğum olanların hamısının yanında xətrini əziz görmüşəm: rəhmətlik Məmməd Nazimoğlundan ta bu günün Murad Köhnəqalasına qədər. Bizim yazılarına bayıldığımız çoxminli oxucusu olan imzalarımız onu dəyər bilib!

Min yazıyla görülməyən işləri – problemləri adıyla həll edib!

Nə ədəbiyyatda, nə jurnalistikada Umud Rəhimoğlunun hay-küylü, gurultulu, bər-bəzəkli yazıları, şeirlərini xatırlayan yoxdu – amma adam bu vətən üçün minlərlə yazıdan ibarət layihələrin müəllifidir! Ən gözəl şeirlərin, ən gözəl publisistik yazıların imzası olub "Ədəbiyyat və incəsənət” qəzetində... Musa Yaqubun da etiraf etdiyi qədərincə!
Yüzlərlə yazıya sığmayacaq humanizmin yüzlərlə çalarının mənbəyidir!

Umud Rəhimoğlu tələbənin də həyatında var, müəllimin də, həkimin də, yazıçı-şairin də, jurnalistin də, qaçqının da!
Təsadüfdən təsadüfə rastlaşanda, söhbətləşəndə Məhəmməd peyğəmbər haqqında deyilən bir söz yadıma düşür: "o qədər asta danışırdı ki, qulağını şəkləmədən eşitmək mümkün deyildi”.
Mən bu məxməri və yumşaq səslə danışığına qulaq asanda həmişə içimdən keçib deyim ki, ay Umud müəllim, mən zəif eşidirəm, noolar, bir az bərkdən. Amma deməmişəm, elə bilmişəm ki, Azərbaycan adlı dünyamın bu ən gözəl peyğəmbəranə danışan səsinin ahəngi pozular: bu ölkədə ən gur səsləri batırırlar, amma... Umud Rəhimoğlunun o astagəl, məlahətli, peyğəmbəranə danışığında tembr nə qədər aşağı olursa olsun, eşidilmə hikməti var!
O səs eşidilir, nəinki ölkədə, ölkədən kənarda!

Çəkinmədən deyirəm: Umud Rəhim oğlu Mirzəyevin etdiklərini hansı birimiz etsəydik, Kamilov kimi imkan verməzdik üstündə yel əssin, əlimizin bu ovcundan o birisinə sayıb qoyardıq!
Vətəni təkcə silahla qoruyub sevmirlər, vətənitəkcə şeirlə, yazıyla ayağa qaldırıb mübarizə aparmırlar, vətəni həm də Umud Rəhimoğlu kimi sevmək də var: vətən adıyla, xalq adıyla, mübarizə, insan haqları bəhanəsiylə alver etmədən!

Bu vətənə düşmən olanlara onların öz dilində bu vətəni tanıtmağına görə hədsiz çox istəyirəm Umud Rəhimoğlunu. Belə bir missiyayla bir müddət rəhmətlik Balaş Abbaszadə də məşğul olmuşdu və mən şahid idim. Umud Rəhimoğlu daha irəli gedib.

Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun məzunu Umud Mirzəyevin həyatındakı rəsmi faktları sadalasaq, ağzıgöyçəklər elə həmin Qorki demiş, həmən mızıldanacaqlar: fakrtlar çox pis şeydir!

Mən bu yazını oxuyub bitirməyə mane olacaq statistikadan qaçacam, ancaq qısaca deyəcəm: yazıya əlavə etdiyim linklərə tıklayın, videolara baxın və arada özünüzə sual verin: görəsən, Umud Rəhimoğlu niyə bizim təmsilçimiz deyil Milli Məclisdə, niyə olmayıb, niyə olmasın? Axı bizim deputat adından və deputatın özündən umduqlarımızı Umud Rəhimoğlu heç bir təmənna güdmədən edib – 30 ildən artıqdır e!
Rayonu işğalda olan Umud Rəhimoğlu atasını da doğulduğu kənddə dəfn edib – düşmən gülləsinə hədəf ola biləcək məsafədə!
Boşalmaqda və ümidsizləşməkdə olan kənddə 25 quyunu bərpa edib!

"Əl-Cəzirə”nin yayımlaması üçün Azərbaycandan 5 filmin çəkilməsinə yardımçı olub, xüsusi olaraq titrlərdə kanal rəhbərliyi və çəkiliş qrupu özləri bəyan ediblər: "dərin minnətdarlıqla təşəkkür edirik”.
Hər bir insanın-vətəndaşın xalq və dövləti üçün faydası onun gördüyü işlərlə və tərbiyə edib cəmiyyətə təqdim etdiyi övladlarıyla zinətlənir.
Umud Rəhimoğlu öz işləri və övladlarıyla bu vətənin qarşısında ən böyük ehtiramı haqq edir!

BMT-nin dünya üzrə mövcudluğunu qəbul etdiyi 150-yə yaxın QHT-dən 30 ən nüfuzlusundan biri də Beynəlxalq Avrasiya Mətbuat Fondudur. O Fond ki, Umud Rəhimoğlu meydan olaylarını və alverlərini görüb birdəfəlik üz çevirib o adamlardan və təsis edib. Bizlərə bu gün kimliyi bəlli olanları elə 30 il əvvəl meydanda gördüyü ilk günün axşamı tanıyan Umud Rəhimoğlu ixtisasını da, imkanlarını da, istedadını da qatlayıb içindəki sandığa qoyub. Sovet və müstəqillik dövrünün ən ünlü patriot imzaları onun istedadını, yaradıcılığını etiraf etsə də, biz bu gün tamam ayrı bir Umud Rəhimoğluyla addımlayırıq – içi qaçqın-köçkün yarasıyla qana bələnən, üzü-siması ölkənin və xalqın dərdləri şəklində göz dağı kimi ağaran və AĞARAN, ancaq ürəyində təpər tapıb son şansı əldə edənə qədər çabalar yapan bir Umud Rəhimoğlu.

Umud Rəhimoğludan min dəfə şanssızlar Qarabağ problemi, qaçqın-köçkün dərdiylə ad-mandat, sərvət qazandılar, amma Umud Rəhimoğlu dibi görünməyən kor quyulardan su çəkdi o qaçqın-köçkün üçün.
Mən heç vaxt adamı sevinən görməsəm də gileylənməyinə də şahid olmadım - dərdlərinin içində boy atdı hər zaman, hər zaman istədi ki, hər bir azərbaycanlı da elə onun kimi Füzulini, Qarabağı, Azərbaycanı sevsin. Neyləmək lazım idisə elədi – tələbəyə, həkimə, müəllimə, şairə, yazıçıya... hər kəsə təmənnasını bilib, təmənnasına boyun əyib sevdirdi.

Təmənnası Azərbaycanı sevmək, sevdirmək olan Umud Rəhimoğlu mənim üçün həyatda və jurnalistikada, eləcə də siyasətdə və həm də ədəbiyyatda tanıdığım həmin o yeganə şəxsdir!
Dünyada olduğu hər bir ölkədə Azərbaycandan danışan, Azərbaycan üçün danışan, dünyaya Azərbaycan dərdlərini aparan, Azərbaycana dünyanın olduğu hər ölkəsindən bir çimdik sevgi gətirən Umud Rəhimoğlu haqqında düşünəndə, ara-sıra ondan yazılan yazıları oxuyanda bircə məqamda sevinirəm: ada bax e, ömür boyu arzulayasan, arzularının da adı gəlib Umud ola!
SÖZARDI: Əminəm ki, Füzuli seçiciləri bu dəfə doğrudan da yorğanlarına görə ayaqlarını uzadacaqlar: onların Umudu ta qapılarınacan gəlib. Hər şeyi Allahdan gözləməyin və hakimiyyətin üstünə yıxmağın yeri yoxdu – mən şəxsən ümid edirəm ki, lotoreya kimi Xətai və Füzuli seçki dairələri bəxti gətirənlərdən olacaq: yəni kim udsa...
Udmağa ümidlənin... Umudla!

Day başqa necə inandıraq sizi... inamımız itən dünyada Umudumuzu itirməyək!
Umud Rəhimoğlu Mirzəyevin bu günə qədər öz gücünə el üçün etdiyi fədakarlığa elə həmin elin fədakarlığı lazımdır!
Bu qədər sadə...

facebook
Miq.Az
Diaspora