Yevlaxda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin nümayəndələri şəhid ailələrinin qonağı olub, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar.Şəhid ailələrinə ərzaq yardımı edilib.
Şəhid ailələri ilə görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.