Təhsil Nazirliyi iyunun 2-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Bakıda XI və IX siniflər üçün keçirdiyi buraxılış imtahanlarının nəticələrinə münasibət bildirib. QAZİLER.AZ saytı xəbər verir, Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna verilən cavaba görə, TN buraxılış imtahanlarının nəticələrin şərhi üçün prosesin tam olaraq yekunlaşmasını gözləməyi düzgün hesab edir: “Mediada təqdim olunmuş məlumatlar sistemli olmadığından və daha çox populist xarakter daşıdığından bu məlumat əsasında məsələyə münasibət bildirmək doğru deyil”.
Nazirlik professor Şahlar Əsgərovun TQDK-nın buraxılış imtahanlarının nəticələri ilə bağlı şərhini də yayıb:“IX sinif üzrə ana dili fənindən 86,5 faiz, riyaziyyatdan isə 86 faizə yaxın, XI sinif üzrə ana dili fənindən 91,2 faiz, riyaziyyat fənindən 92,5 faiz , ingilis dili fənindən 93,5 faiz məzun müvəffəq qiymət alıb.
Buraxılış imtahanlarının nəticələrinin neqativ fonda göstərilməsi doğru deyil və reallığı əks etdirmir. Birincisi, həmin nəticələrdə göstərilən 2 və 3 qiymətlərinin faiz göstəricilərinin birlikdə götürülməsinin heç bir elmi əsası yoxdur. 3 alan şagirdlər kafi bilik səviyyəsinə malikdirlər və bu məzunların uğursuz olmalarını iddia etmək doğru deyil. İkincisi, dünyanın bir çox təhsil sistemlərində də şagirdlərin 10-30 faizi orta təhsil səviyyəsini bitirə bilmir. Sevindirici haldır ki, mən statistika ilə tanış olduqda gördüm ki, Bakı şəhərində tam orta təhsil səviyyəsini ana dili fənni üzrə hər 5 şagirddən biri, riyaziyyat fənnindən hər 4 şagirddən biri, ingilis dili fənni üzrə hər 3 şagirddən biri əla qiymətlərlə bitirib. Sadəcə olaraq, faktı və rəqəmi necə çatdırmaqdan çox şey asılıdır və uzun illər ərzində mediada imtahan nəticələrinin neqativ fonda tirajlanması siyasəti məzunların müsbət göstəricilərinə kölgə salır.
Təhsilin keyfiyyəti haqqında ictimaiyyəti tam və düzgün məlumatlandırmaq üçün TQDK tərəfindən keçirilən imtahanların sualları, şagirdlərin bu suallara verdiyi cavablarla bağlı statistika, nəticələrə təsir edən müxtəlif amillər haqqında məlumat təqdim edilmir. Bu halda təhsilin keyfiyyəti haqqında ictimaiyyətdə elmi əsası olmayan pessimist təəssürat formalaşır”.