Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilir, onlar tərəfindən qaldırılan məsələlərin və irəli sürülən təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin növbəti vətəndaş qəbulu iyunun 5-də Şəki Olimpiya İdman Kompleksində keçirilmişdir. Qəbula gələnlər sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal və xidmət sahələrinin yaradılması, istehlakçıların hüquqlarının müdafiəsi, sosial və s. məsələlərlə bağlı müraciət etmişlər.
İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ-a verilən xəbərə görə, qəbul zamanı vətəndaşların müraciətləri nazir Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilmiş, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.Vətəndaşların əksər müraciətləri yerindəcə həllini tapmış, digər müraciətlərin qanunvericiliyə uyğun operativ araşdırılması və həll edilməsi üçün Nazirliyin aidiyyəti struktur bölmələri tərəfindən müvafiq tədbirlər görüləcəkdir.
İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə isə vətəndaşlara ətraflı izahat verilmiş, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilmişdir.
Eyni zamanda, qəbula gələn sahibkarların bir sıra təklifləri müzakirə edilmiş, turizm, şirniyyat istehsalı, iri heyvandarlıq kompleksinin fəaliyyətinin genişləndirilməsi, quşçuluq (damazlıq), üzümçülük, çayçılıq, meyvəçilik və s. sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılmış, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür.
Ümumilikdə, qəbulda Şəki, Qax, Oğuz və digər rayonlardan olan 50-yə yaxın vətəndaş müraciət etmişdir.
Qəbulda iştirak edən vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.