Qarabağ döyüşçüsü Səbirə Mahmudova (Qarabağın Həcəri) sosial şəbəkə hesabından Prezident İlham Əliyevə müraciət edib.
Qaziler.az bildirir ki, müraciətdə deyilir:"Möhtərəm Ali Baş komandan!
Çox istərdim ki, sizi Xankəndindən təbrik edim, buna 2016-cı ildən ümidliyəm. Aprel döyüşlərində erməni əsgərlərinin yalvarışlarını Tərtərdən eşitdiyimdən bu arzudayam. Mərhum prezidentimizin vaxtından icra başçıları çox vaxt özünə sədaqətli olan əlil və şəhid ailələrini bütün tədbirlərdə önə çıxarıb. Bu baxımdan sosial şəbəkədə hələ də Aprel cənazələrinin çıxdıqları yarıuçuq komaların şəkli paylaşılır. Xalqı talayan icra başçıları da özlərinə qəsrlər ucaldıb.
İndisə, çox istərdim ki, gəncliklərini qanlı torpaqlarda dəfn etmiş, indiyədək çoxu şəxsi həyatını qura bilməniş, səhhətləri pozulmuş, qohum-qonşu himayəsinə sığınmış, lap çoxdan unudulmuş veteran qadınlarımıza da mənzillər tikdirəsiniz. Sizin gənc jurnalistlərimizə bu yöndə göstərdiyiniz qayğı məndə bu istəyi doğurdu. Axı bizlər də bu vətənin yolunda az da olsa xidmət göstərmişik. Yaşlı vaxtımızda öz evimizdə ölümümüzü gözləməyə şərait yaratmağınızı, çoxumuzun hələ də veteran statusu almağımıza kömək etmənizi xahiş edirəm.
Bir gün də cəzalandırdığınız məmurların sərvətlərinin müsadirə ediləcəyini, hərraca çıxarılaraq pullarının pensiya fondlarına köçürələcəyinə inanıram. Bu yolda yanınızdayıq, Möhtərəm Ali Baş komandan!"