Azərbaycan media təmsilçiləri “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin 1-ci Media Konfransına qatılıblar

Azərbaycan media təmsilçiləri “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrin 1-ci Media Konfransına qatılıblar backend

Mayın 20-də Latviyanın paytaxtı Riqa şəhərində Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan ölkələrin 1-ci Media Konfransı keçirilib. Konfransa, “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan 6 ölkənin media ekspertiləri, jurnalist təşkilatlarının rəhbərləri, KİV nümayəndələri, həmçinin, beynəlxalq qurumların təmsilçilərindən ibarət 350 nəfərə yaxın nümayəndə qatılıb. Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə komissarı Yohannes Han, Latviyanın sabiq prezidenti və Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa, Latviyanın mədəniyyət naziri Datse Melbarde, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks, ATƏT-in söz və KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç konfransa xüsusi qonaqlar statusunda qatılıblar.

Konfransın gedişində “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrdə medianın mövcud durumu, problemlər və yeni çağırışlar müzakirə edilib, gələcək fəaliyyət proqramları barədə fikir mübadiləsi aparılıb.

Konfransın açılış mərasiminə qatılan Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksin çıxışı Azərbaycan nümayəndə heyətinin etirazına səbəb olub. Belə ki, digər çıxışçılar “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrdə medianın ümumi problemlərindən danışsalar da, Nils Muiznieksi Azərbaycanın adının xüsusi hallandırılmasına təşəbbüs göstərib.

Konfransda iştirak edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli söz alaraq Nils Muiznieksinin Azərbaycanla bağlı qeyri –obyektiv informasiyalara istinad etdiyini, bəzi faktları isə kontekstdən çıxarmaqla təqdim etdiyini konfrans iştirakçılarının diqqətə çatdırıb. O, Azərbaycanda medianın durumunun Nils Muiznieksinin təqdim etdiyindən kifayət qədər fərqləndiyini qeyd edərək, konfrans iştirakçılarını obyektiv informasiyalara istinad etməyə çağırıb.

Müşfiq Ələsgərli, həmçinin, “Şərq Tərəfdaşlığı” Proqramının icrasına başlanılmasından sonra, proqrama üzv olan ölkələrdə medianın durumunda geriləmə amillərinin ortaya çıxması səbəblərinin ciddi araşdırılmasına ehtiyac olduğunu bildirib. Qeyd edib ki, bunun bir səbəbi də Proqramın icrasına məsul olan şəxslərin taktiki addımlarında, hazırladıqları strategiyaların düzgün olmamasında axtarılmalıdır.

Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev isə çıxışında “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan ölkələrdə medianın mövcud problemlərinə ikili standartlarla yanaşıldığını qeyd edib: “ Ukraynada separatçılığı təbliğ edən jurnalistlər Avropalı rəsmilər , Avropa Şurasının komissarı tərəfindən pislənilir, tənqid olunurlar. Amma Azərbaycanda separatçılığı təbliğ etdiyinə, ölkənin konstitusyon quruluşunu zorla dəyişməyə çağırdığına görə həbs edilən şəxslər beynəlxalq qurumlar tərəfindən xüsusi diqqətə götürülür, onların həbsi “jurnalist hüquqlarının pozulması” kimi dəyərləndirilir. Belə yanaşma mövcud olduğu müddətdə medianın problemlərinin obyektiv müzakirəsi heç cür mümkün olmayacaq”. Bununla belə, Mirzəyev ümid etdiyini bildirib ki, Şərq Tərəfdaşlığı proqramının media mənsublarının növbəti konfransınadək bu subyektiv yanaşmalar aradan qalxacaq.

JuHİ Mətbuat xidməti
Diaspora