Mayın 25-26-da Şəmkirdə yerləşən “Zəka” İntellektual Gənclər Mərkəzində qərb regionu gənclərini əhatə edən “Ekoloji İntellektual Qərb Birinciliyi” layihəsi keçirilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu və “Zəka” İntellektual Gənclər Mərkəzinin tərəfdaşlığı ilə keçirilən layihədə qərb regionunu təmsil edən 8 rayonun gənclərindən ibarət 24 komanda 2 gün ərzində mübarizə aparıb.
Layihə rəhbəri Gülsarə Qasımovanın sözlərinə görə, bir sıra ekoloji bilik və məlumatları özündə cəmləşdirən “Ümumilikdə 144 nəfər gəncin iştirakı ilə Nə? Harada? Nə zaman?” və “Breyn Rinq” formatlı oyunda Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl və Samux şəhərlərini təmsil edən komandalar region birinciliyi uğrunda gərgin mübarizə aparıblar. Layihə məqsəd olaraq region gəncləri arasında intellektual yolla ekoloji maarifləndirmə, bu sahədə daha geniş dünyagörüşünə sahib olma punktlarını özündə cəmləşdirir. Ümid edirik ki, bu tip layihələr çərçivəsində region gənclərinin aktivlikləri artar və onlar öz aralarında müştərək uğurlara, layihələrə imza atarlar.”
2 gün keçirilən yarışın nəticələrinə görə Morul komandası 3-cü yer, Ağstafa rayonunu təmsil edən “Xəzər komandası 2-ci yer və nəhayət region qalibi Şəmkir şəhərini təmsil edən “UKB” komandası oldu. Qalib komandaların üzvləri diplomlarla təltif olunublar.
Sözügedən fəaliyyət Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunub.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsinin qalibidir.