Xanımı Etimad Əsədovdan kitab yazdı, Əlizamanlı oxudu - "Fevraldan sonra...mart" kitabının təqdimatı - FOTO

Xanımı Etimad Əsədovdan kitab yazdı, Əlizamanlı oxudu - "Fevraldan sonra...mart" kitabının təqdimatı - FOTO backend

“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov barəsində həyat yoldaşı Məlahət Rzayevanın yazdığı “Fevraldan sonra... mart” kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir Azərbaycan himninin ifası ilə başlayıb, Qarabağ uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qarabağ qazisi Rey Kərimoğlu dekabrın 20-si Etimad Əsədovun doğum günü olduğunu bildirib, Qarabağ qazisinin döyüş yoluna nəzər salıb.

Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu Etimad Əsədovla ictimai fəaliyyətə başladığı dövrdən tanış olduğunu xatırladıb: “Etimad Əsədov sözün əsl mənasında Azərbaycan vətənpərvərliyinə, mübarizliyinə nümunə idi. Onun ən gözəl portretini bizim sədaqətli bacımız Məlahət xanımın şəkilsiz kitabda yaradıb. Etimad bəy mübarizliyi ilə necə zirvədə dayanırsa, onun xanımı da o zirvədədir, adamı da qürurlandıran bu məqamdır. Etimadın düzgünlük, haqq və ədalətdən geri çəkildiyini görməmişik”.



Qazi Yavər Hüseynov qeyd edib ki, Etimad Əsədov döyüş əməliyyatlarında qəhrəman olmaqla yanaşı müharibədən sonra da öz millətinin yanında dayanıb, insanların hüquqlarını müdafiə edib.

Hüquqşünas Osman Kazımov Etimad Əsədovdan danışmağın çətin olduğunu deyib: “Etimad Əsədov Vətən üçün heç nədən çəkinməzdi, Qarabağ qazilərinin hüquqları uğrunda daim mübarizə aparırdı. Sevinirəm ki, onların xatirəsini yaşatmaqla Vətənimizi, elimizi-obamızı yaşadırıq. Vaxt gələcək Etimad Əsədov daha yüksək dəyərinə qovuşacaq”.

Azərbaycanın ilk hərbi diktoru Şəmistan Əlizamanlı Etimad Əsədovun olduqca ciddi, ağıllı adam olduğunu, ən xırda nöqsanı belə qəbul etmədiyini söyləyib: “Döyüşdə necə cəsarətlə vuruşurdusa, həyatda da eləydi. Həyatı boyu öz ləyaqətini qorudu. Onda elə liderlik qabiliyyəti vardı ki, ətrafına insanları toplaya bilirdi. Azərbaycanın mənafeyini hamıdan üstün tuturdu, ölkənin hər bölgəsindən gələn qazilərin qayğılarını şəxsi problemi kimi qəbul edir, onun həlli üçün dəridən-qabıqdan çıxırdı.

Etimad bəyin yaxşı əl qabiliyyəti vardı, gözəl yeməklər hazırlayırdı, elə xaş bişirirdi ki, dadından doymaq olmurdu. Onun dəfninə yığışan insan seli ona olan sevgini sübut edirdi. Nə qədər Azərbaycan var olacaq, Etimad Əsədov kimi qəhrəman övladlar da yaşayacaq.

2016-cı il aprel döyüşləri zamanı ordumuz düşmənə ağır zərbələr endirir, öz qüdrətini göstərirdi. Aprelin 2-də Rey Kərimoğlu, Etimad Əsədov, mən və bir neçə ehtiyatda olan zabitlər cəbhə bölgəsində, əsgər və zabitlərimizlə bir yerdə idik, əhval-ruhiyyə o qədər yüksək idi ki, Etimad əsgərlərimizin şəraitini, onların əhvalı gördükcə uşaq kimi sevinirdi, bəlkə də dünyanın ən xoşbəxt insanı idi.



İnşallah, işğal altındakı torpaqlarımızı azad edəcəyik, ordumuz buna qadirdir və bu, bizim haqqımızdır. Həmin gün Etimad Əsədov da daxil olmaqla şəhidlərimizin ruhu şad olacaq”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Etimad Əsədovun jurnalistlərin dostu olduğunu bildirib: “Ağır müharibə yolu keçmişdi, amma media ilə əməkdaşlıq edirdi, mühakimələri, qazilərin hüquqlarının müdafiəsi uğrunda mübarizəsi diqqətimizdə idi. Bu savaşda jurnalistlər də iştirak edib. Onun ömür-gün yoldaşı Məlahət xanımla qəzetimizin əsası qoyulandan bu günə qədər çiyin-çiyinə çalışırıq. Deyirdim ki, Etimad Əsədovla bağlı çox kitab yazılacaq, ən gözəl kitabın müəllifi isə Məlahət Rzayeva olacaq.

Səhifələrindəki enerji, hiss və duyğularla Etimad bəyi təkcə döyüşçü kimi yox, onun cəmiyyətdə mövqeyini düzgün ifadə edən əsərdir ".

Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, hər qeyrətli kişinin arxasında qeyrətli qadın dayanır: “Etimad bəy haqda kitab bütün qazilər haqdadır. Qarabağa da gedəcəyik, Füzulini də geri qaytaracağıq. Məlahət xanım kimi qadınlar yaşasın, gənclər də güc alsınlar”.



Qaziler.az bildirir ki, tədbirdə Qarabağ qaziləri adından Rizvan Vəliyev, 20 Yanvar cəmiyyətinin sədri Sultan Əzimzadə, Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov, Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin sədri Firidun Məmmədov, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf fondunun sədri Ədalət Məhərrəmov, Qarabağ qazisi Məhəmmədhəsən Həsənov, şair-publisist Rafiq Tağızadə çıxış edərək Etimad Əsədov haqqında ürək sözlərini dedilər.

Tədbirin sonunda Etimad Əsədovun həyat yoldaşı Məlahət Rzayeva çıxış edərək tədbirin təşkilatçılarına, iştirakçılara öz dərin minnətdarlığını bildirdi.