Hər hansı bir xalq mədəniyyətini, adət-ənənələrini dünyada təbliğ edə bilmək, tanıtmaq üçün ilk növbədə tarixi irsə və qədim köklərə malik olmalıdır. Eyni zamanda siyasi qüdrət və sağlam təbliğat mexanizmi də əsas şərtlərdən biridir. APA TV-nin məlumatına görə, iyun ayında ölkəmizdə keçiriləcək I Avropa Oyunları da təkcə idman yarışı deyil, həm də ölkəmizin Avropada və dünyada tanıdılması baxımından əla fürsətdir. Xaricdən gələn turistlər Bakıda idman yarışlarını seyr etməklə yanaşı şəhərimizi gəzib, burada tariximiz, mədəniyyətimiz və adət-ənənələrimizlə yaxından tanış ola biləcəklər. Təqdimatı isə biz edəcəyik. Yəni sadə vətəndaşlardan tutmuş, dövlət nümayəndələrinə kimi hər kəs... Artıq ölkədə, xüsusilə də paytaxtda hazırlıq işləri tamamlanmaq üzrədir. İçərişəhər Tarix Memarlıq Qoruğunun rəisi Samir Nuriyev deyib ki, qədim Bakı ərazisində yerləşən otellər, restoranlar, mağazalar və muzey mərkəzləri gələcək qonaqları qarşılamağa tamamilə hazırdır:
"İçərişəhər Tarix Memarlıq Qoruq İdarəsi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə biz, artıq 3 ildir milli suvenirlərin və əl işlərinin İçərişəhər Ənənəvi İncəsənət Mərkəzini yaratmışıq. Həmin incəsənət mərkəzində milli suvenirlərin və əl işlərinin hazırlanması, milli ornamentlərin elmi əsaslarla işlənib hazırlanmasını təmin etmişik"."Məişətdə hər gün işlətdiyimiz keramika boşqablar necə yaranır, onların hazırlanma üsulları necədir...? Bu suallara cavab tapmaq üçün biz emalatxanaya yollandıq. Burada müxtəlif məişət əşyaları - boşqablar, dolçalar, fincanlar və s. hazırlanır".
Suvenirlərin hazırlanması texnologiyası olduqca qəlizdir. İlk növbədə gil emal edilir. Mütəxəssis Roza Əliyeva bildirdi ki, saxsı qabları hazırlamaq üçün gil Türkiyədən sifariş edilir. Dulusçular deyir ki, yeni texnologiyalarla hazırlanan saxsı qabları heç də adi gildən hazırlamaq düzgün deyil. Çünki gil odda bişirildiyi zaman onun tərkibi dəyişə və istənilən nəticəni verməyə bilər. Bundan sığortalanmaq üçünsə ilk növbədə gilin tərkibini yoxlamaq və yararlı gil sifariş etmək lazımdır. Emalatxanada gil xüsusi qablara tökülərək emal edilir daha sonra:
"Gil hazır vəziyyətə gələndən sonra hazır qəlblərin içərisinə tökülür və orada bir neçə günə quruyur. Daha sonra biz həmin qəlibi açıb yarımhazır qabları oradan çıxarırıq. Bundan sonra onları bişirmək üçün sobaya qoyuruq".
"Sobadan çıxan boşqabların üzərinin nahamar hissələri mütəxəssislər tərəfindən xüsusi alətlər vasitəsi ilə təmizlənir. İkinci prosesdə isə qablar rəssamlar tərəfindən müxtəlif rənglərlə boyanıb yenidən bişirilmək üçün sobaya qoyulur".
Ən çox məsuliyyət tələb edən proses boşqabların rənglənməsidir. Mərkəzdə çalışan rəssamlar deyir ki, daha çox səma rəngindən istifadə olunur. Bu rəng təmizlik, paklıq rəmzidir.
İlk növbədə rəssamdan müəyyən mövzu seçmək və verilən mövzuya uyğun kompozisiya təşkil etmək tələb olunur. Əsmər Əlizadənin sözlərinə görə, bu zaman ənənəvi incəsənətə, daha çox memarlıq abidələrinə, qədim xalçalara, daşüstü abidələrin ornamentlərinə əsaslanmaq lazımdır:
"Bu boşqabın üzərində Azərbaycanın qədim ornamenti olan "İslimi"dən istifadə edilib. "İslimi" daha çox şərq incəsənətində - istər memarlıq, istərsə də xalçaçılıqda istifadə edilir. Kompozisiyanın kənar hissəsində olan bu haşiyə Türkiyədə olan bəzi məscidlərin kaşılarında əks olunan bir motivdir ki, onu bu kompozisiyanın üzərinə köçürmüşəm. Boşqabın mərkəz hissəsində olan bəzəklər isə Şirvanşahlar sarayının portalında təsvir olunan ornamentlərin bənzəridir".
Rəssam Şəms Abbasova əsasən özümüzə aid olan elementlər üzərində işlədiklərini deyir:
"Əsas bizim üçün Azərbaycana aid olanlardır. Bu naxışlar bütün dövrləri - Səfəvilər dövrünü, müasir dövrü əhatə edə bilər. Əsas geometrik naxışlardan istifadə edirik. Azərbaycan tarixinə baxdıqda Nəbati, Xətai və ya Rumi naxışları daha çox məşhurdur. Bizdə həmin naxışlara əsaslanıb hər hansı bir əsəri çəkirik".
Mərkəzdə fəaliyyət göstərən layihənin ingiltərəli meneceri Ramiz Seyid Sabah isə deyir ki, əsas vəzifə Azərbaycanda istifadə olunan naxışların mənşəyini araşdırıb öyrənmək və onlara müasir dizayn tətbiq etməklə yeni məhsullar yaratmaqdır. Burada əsas məqsəd unudulmuş, itən naxışları, ornamentləri yenidən tapıb üzə çıxarmaq və onları gələcək nəsillərə ötürməkdir:
"Bizim təlim keçən tələbələrimiz keramika üzərində işləyərək müəyyən sayda məhsul istehsal ediblər. I Avropa Oyunları ilə əlaqədar biz şərflər, müxtəlif qablar hazırlamağı planlaşdırırıq. Hətta ölkəyə gələcək qonaqların bu mərkəzə gəlib, öz gözləri ilə istehsal proseslərini izləmələrini də təmin edəcəyik. Oyunların rəmzlərini də biz məhsullarımız üzərində işləyib satışa çıxaracağıq".
Qeyd edək ki. mərkəzdə basma və batika üsulundan istifadə etməklə şərflər istehsal olunur. Eyni zamanda zərgərlik məhsulları olan boyunbağılar, qolbaqlar, üzüklər, tanalar hazırlanır. Burada satışa çıxarılacaq əl işlərinə isə həm həcmindən, həm də dəyərindən asılı olaraq qiymətlən qoyulacaq.
Qiymətindən asılı olmayaraq adətən biz bir məhsulu necə təqdim ediriksə qarşı tərəfdə eləcə qəbul edir. Bunu əsas tutaraq, çalışaq həm mədəniyyətimizi, həm də tariximizi Avropaya gerçək üzü ilə təqdim edək. Belə olan halda gələcəkdə heç kim nə mədəniyyətimizə, nə də tariximizə şərik çıxa bilər.