Əlilliyi olan şəxslərin iştirakı ilə “Solğun sevgilər” tamaşasının premyerası olub

Əlilliyi olan şəxslərin iştirakı ilə “Solğun sevgilər” tamaşasının premyerası olub backend

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi teatr-studiyası tərəfindən hazırlanmış “Solğun sevgilər” tamaşasının premyerası olub.

Qaziler.az bildirir ki, tamaşanın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, incəsənət xadimləri iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin teatr-studiya ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə reallaşan layihə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, onların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılması və “Əlillik qüsur deyil” mesajının çatdırılmasına xidmət edir. Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun “Solğun çiçəklər” dramı əsasında hazırlanıb.
Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət olan yaradıcı heyətin hazırladığı tamaşa böyük maraqla qarşılanıb.

Premyeradan sonra tamaşanın yaradıcı heyəti ilə görüşən S.Babayev onların təqdim etdikləri tamaşanın uğurlu bir yaradıcılıq nümunəsi olduğunu qeyd edib. O, Prezident cənab İlham Əliyevin tapşırıqları əsasında əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası, onların cəmiyyətə inteqrasiyası istiqamətlərində tədbirlərin getdikcə geniş miqyas aldığını vurğulayıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əliliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərlə bağlı yüksək humanizmə əsaslanan nəcib layihələrini diqqətə çatdırıb.

S.Babayev bildirib ki, nazirliyin Azərbaycanda ilk inklüziv teatr olan ƏSA Teatrı ilə əməkdaşlığı çərçivəsində və nazirliyin dəstəyi ilə həmin teatrın hazırladığı “Göy quş” tamaşasının ötən ilin dekabrında premyerası olub. Eyni zamanda, nazirliyin dəstəyi ilə ƏSA teatrı və nazirliyin sosial müəssisələrində peşə reabilitasiya kursu keçmiş məzunlarının birgə hazırladıqları və “Nəsimi ili”nə bir töhfə olan “Nəsimi” antreprizası bu ilin oktyabr ayında təqdim edilib.

Nazir bu kimi layihələrin gələcəkdə də davam etdiriləcəyini deyib, yaradıcı heyətə yeni uğurlar arzulayıb.

Ə.Qarayev əlilliyi olan gənclərin iştirakı ilə hazırlanan layihənin sosial inklüzivliyi ilə diqqəti cəlb etdiyini deyib. Hər bir kəsin yaradıcı potensialının üzə çıxarılması, aşkarlanması üçün belə imkanlardan istifadə edilməsinin çox yaxşı hal olduğunu bildirib.

Səidə Haqverdiyevanın quruluşçu rejissoru olduğu və İqbal Əliyevin (quruluşçu rəssam), Vüqar Camalzadənin (musiqi tərtibatı), Elnur İsmayılovun (xoreoqraf), Elçin Əliyarovun (işıq rəssamı), Ruslan Axundovun (səs rejissoru) və digərlərinin birgə əməyi ilə hazırlanan tamaşada aktyor heyəti də özünün istedadlı ifası ilə seçilib. Türkay Cəfərli (Bəhram), Elnarə Qədimova (Sara), Xəqani Əliyev (Azad), Günay Əhməd (Pəri), Aysel Əlizadə (Dəniz), Ülviyyə Əliyeva (Gülnisə), Nazlı Əliyeva (Tamam), Cavid İbrahimov (Axund Fərəculla), Səma Məmmədova (Tibb bacısı), Rəsul Məmmədli (Vəkil), Rəsul Zəkiyev (Rəsul), Taleh İsmayılov (Əbdül), Zümrüd Qasımova (Vicdan), Rüxsarə Zeynalova (Bərbər), Şamxal Xələfli (1-ci Ruh), Rafael Mustafayev (2-ci Ruh), Nəsib Şamxalov (3-cü Ruh), Rüfət Şahpələngov (4-cü ruh) yaddaqalan, maraqlı aktyor ifaları ilə tamaşanın ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.
Əsərdə hiyləgər Gülnisə bir-birini sevən Bəhramla Saranı hiylə ilə bir-birindən ayırır və Bəhramı qızı Pəri ilə evləndirir. Həsrətə dözə bilməyən çarəsiz Sara xəstələnib yatağa düşür. Bundan sonra da Pəri Bəhramla Saranın görüşünə hər vəchlə mane olur və sonda Saranın ölümü ilə rahatlıq tapır. Bunu eşidən Bəhram bərk sarsıntı keçirərək sanki yuxudan ayılır və əsl sevgisini itirdiyini anlayır, bütün olanların səbəbkarı kimi Pərini görür, onu boğaraq öldürür. Sevimli Sarasının solan çiçəklərini də bağrına basaraq ona yas tutan Bəhram dəliyə çevrilir. Pərini səmimi məhəbbətlə sevən Azad və Saraya dərin rəğbəti olan Rəsul əsərin humanist obrazlarıdır.

Ümumilikdə tamaşa insanları sevginin saflığını, sədaqəti daim uca tutmağa çağırır.
Diaspora