Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə “Vətən məndən başlanır” adlı sosial layihənin təqdimatı keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə ictimaiyyət nümayəndələri, Regional İqtisadi İctimai Birliyinin əməkdaşları, QHT rəhbərləri, millət vəkilləri, şəhid ailələri, eləcə də universitetin professor- müəllim heyəti, tələbələr iştirak ediblər.Tədbiri giriş sözü ilə açan universitetin səlahiyyətli nümayəndəsi Mənsur Bərxudarov qonaqları salamlayaraq qeyd edib ki, ali təhsil müəssisəsində öz işləri ilə vətəndaşlıq borcunu yerinə yetirən insanların iştirakı ilə belə tədbirlərin təşkil olunması və gənclərin aktivlik göstərməsi təqdirəlayiqdır. O, haşiyə çıxaraq “pasionarlıq” termininin mənasını da dinləyicilərin diqqətinə çatdırıb. Bildirib ki, bu söz dilimizə milli qeyrətin püskürməsi, cəmiyyətin, millətin düşüncəsinə təsiri kimi tərcümə olunur və həqiqətən pasionar olan vətəndaşlarımız var. O, həmçinin universitetin 6 il bundan əvvəlki və bugünkü durumunu müqayisə edərək rektor Ədalət Muradovun gördüyü işlər sayəsində universiteti UNEC adlı bir brendə çevirməsini də dinləyicilərin diqqətinə çatdırıb.
Daha sonra Zəfər Şəhid ailələrinə İB-nin sədri Sevinc Orucova tədbir iştirakçılarından Dövlət Himnini səsləndirməyi xahiş edib. Hər kəs ürəkdən “Səndən ötrü can verməyə cümlə hazırız” deyib.
Çıxış sözü ilə tədbiri davam etdirən S.Orucova layihənin məqsədlərindən danışıb. O şəhid ailələrini, qonaqları tələbələrə təqdim edib. Tədbirdə ş`əhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Şəhid mayor Rasim Məmmədovun həyat yoldaşı Samirə Məmmədova, Şəhid Samid İmanovun həyat yoldaşı Badam İmanova, Qarabağ qazisi Rey Kərimoğlu və digər qonaqlar təmsil olunublar. Bildirib ki, üç müxtəlif universitetin tələbələri ilə görüşlər keçirilib və məqsəd Azərbaycan, Vətən naminə milli duyğuları, dəyərləri gənclərə aşılamaqdır. Bir sözlə “vətənin yükünü daşımağı bacaran gənclik yetişdirmək” əsas amaldır.
“Başımızın tacı Şəhid ailələri, başımızın tacı qaziləri” sözləri ilə çıxışına başlayan Fazil Mustafa bildirib ki, əslində hamı Vətənini müxtəlif formada sevir. Məsələ Vətəni peşəkarcasına sevməkdir. Xalqın tarixində varislik məsələsinə toxunan millət vəkili qeyd edib ki, tarixdə kimsə itirə, kimsə qazana bilər. İtiriləni illər sonra geri qaytara bilmək üçün əhali olaraq bioloji varlığımızı keyfiyyətə çevirməli, varislik ipinin qırılmasına yol verməməliyik. O, hərbi xidmətdə gənclərimizin daha çox öyrənməli, hərbi xidmət müddətini doldurmaq üçün yox, o sahədə bilik əldə etməsi üçün fürsət kimi baxmalı olduğunu qeyd edib. Tələbələrin də həmçinin, 4 ili başa çatmasını gözləmək əvəzinə, gecə-gündüz mütaliəsini artırmağın, vətəni haqqında bilgilənməyin lazımlı olduğunu vurğulayıb. “Bu qədər torpaq itirmiş bir xalqın vaxtı itirməsindən böyük faciə yoxdur”-deyən F. Mustafa filmlərdə gördüyümüz “300 spartalı” obrazına çevrilmək, onlardan biri olmaq üçün öz üzərimizdə işləməli olduğumuzu vurğulayıb.
Millət vəkili Qənirə Paşayeva layihənin tanıtım çarxını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb:”Basdığın yerləri torpaq deyərək keçmə tanı, düşün altındakı minlərlə kəfənsiz yatanı”. O bildirib ki, belə tədbirlər sayəsində şəhidlərimizi, tariximizi gənclərə tanıtmalı, onları Vətən haqqında düşündürməyə sövq etməliyik. O, yəhudilərin inkişafını diqqətə çatdıraraq bildirib ki, hər gün Vətən üçün işlər görmək yəhudilərin hər biri üçün mənəvi borcdur. Bildirib ki, artıq XXI əsr suni intellektin meydanı olduğuna görə gənclər ikiqat çalışmalıdır, çünki onların rəqibləri nəinki insanlar, həm də robotlardır. Millət vəkili ölkənin inkişafının da məhz belə parlaq zəkalı aydınlardan asılı olduğunu qeyd edib. Yaponiyanın tarixinə nəzər salan Q. Paşayeva onların atom bombası kimi bir bəladan qurtulduğunu, yenidən dirçəlməklə irəli getməsinin əsas səbəbinin məhz ziyalılar, gənclər sayəsinsdə olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən tarixçi alim Firdovsiyyə Əhmədova Vətən sevgisinin gənclərə aşılanmasının əhəmiyyətindən danışaraq, tarixi həqiqətlərin üzə çıxarılmasında, ərazi bütövlüyümüzün qorunub saxlanılmasında, işğal olunmuş ərazilərimizin düşməndən azad edilməsində, eyni zamanda, ölkənin gələcək inkişafına nail olunmasında məhz bilikli, peşəkar və dünyagörüşlü gənclərə ehtiyac duyulduğunu bildirib. O gənclərə üzünü tutaraq onları “Vətənin siması” olmağa çağırıb. Cümhuriyyətin tarixini xatırladan tarixçi alim, daim Avropanın Asiyalıya yuxarıdan aşağı baxdığını, M.Ə.Rəsulzadənin “yaxşı ki yaponlar var, onlar da Asiyanın simalarıdır” fikirlərini, daha sonra məhz 1918-ci ildə Şərqdə ilk müstəqil, demokratik, müasir dövlət modelini yaratmaqla bu xalqın nəyə qadir olduğunu dinləyicilərin diqqətinə çatdırıb.
Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı vətənpərvərliyin düzgün təbliği istiqamətində bu səpkili sosial müzakirələrin xüsusi rolunu qeyd edərək, gənclərin Vətənə və xalqa xidmətdə mühüm öhdəliklərindən danışıb və şəhid ailələrinə hər zaman diqqət və dərin ehtiramın olduğunu bildirib. O qeyd edib ki, belə tədbirlərdə tələbələr məcburi deyil, məhz könüllü və yaxından iştirak etməli, sosial şəbəkələrin imkanlarından istifadə edərək vətənpərvərlik hissini aşılayanlardan biri olmalıdır.
Qarabağ qazisi Rey Kərimoğlu həyatın bütün mərhələlərində elmlə vətənpərvərlik duyğularının lazımlı dəyərlər olduğunu qeyd edib. O, gənclərə vətənin tarixi ilə bağlı bilgiləri artırmağı tövsiyə edib.
Tədbir tələbələrin çıxışları və onların suallarının cavablandırılması ilə davam edib. Sonda tələbənin ifasında “Qarabağdadır” muğamından bir parça səsləndirilib, Şəhidlərimizin son sözlərindən ibarət videoçarx izlənilib və aktiv olan tələbələrə şəhidlərimizin həyatından bəhs edən kitablar təqdim olunub.