Cəbhə bölgəsinə spesfik yanaşılma DÖVRÜN TƏLƏBİDIR

Cəbhə bölgəsinə spesfik yanaşılma DÖVRÜN TƏLƏBİDIR backend

Cəbhə bölgəsində QHT-lər və dövlət qurumları arasında əməkdaşlıq: reallıqlar və perspektivlər

“Maraqlı idi. Qarabağ həqiqətləri, ordumuzun Aprel zəfəri haqqında danışdılar. Hərbi xidmətə daha həvəslə gedəcyimizi düşünürəm. Axı, bu Vətən borcumuzdur. Əsgərlik kişilik məktəbidir. Qazilərimizlə, əsgərlərimzlə fəxr edirəm”

Bu sözləri deyən Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbəsi Elmin Xəlilovdur. Onunla söhbətimiz “Regionlarda gənclər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində Bərdədə keçirilən görüşdən sonra baş tutub. Layihə çərçivəsində ötən ay Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Beyləqan rayonlarında gənclərlə görüşlər keçirilib. Silsilə tədbirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilib. Layihənin rəhbəri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əsas məqsədin 2016-cı ilin Aprel zəfərinin hərbi-strateji, mənəvi və siyasi əhəmiyyətinin gənclərə daha ətrfalı çatdırılması olduğunu bildirib: -“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan Aprel zəfəri ermənilərin uzun illər ərzində formalaşdırmağa çalışdıqları mifi dağıtdı, Azərbaycan Ordusunun hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi nailiyyət gənclər arasında geniş təbliğ olunmalıdır”.
Belə təbliğat üçün ən təsirli vasitə görüşdə qazilərlə yanaşı, məsul dövlət qurumunun
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarının iştirakının təmin olunması idi.

Digər müsahimiz Musa Muradlı "Ekoloji İnformasiya" İctimai Birliyinin sədridir. Əsas fəaliyyət istiqaməti əhalinin ekoloji maarifləndirilməsinə kömək etmək olan bu QHT cəbhə bölgəsində - Bərdə, Beyləqan, Tərtər və Ağcabədidə fəaliyyət göstərir. Təşkilat rəhbəri həyata keçirilən son layihələr haqqında həvəslə məlumat verir: 2018-ci ildə Şuranın dəstəyi ilə "Ovçunun məsuliyyəti və ovçuluğun aparılması qaydaları" layihəsi həyata keçirilərək ovculuqla bağlı Bərdə və Ağcabədidə icma üzvləri arasında marifləndirmə işləri aparılıb. 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Bərk məişət tullantılarının idarə olunmasıyla ilə bağlı regionlarda maarifləndirmə işlərinin aparılması" layihəsi Ağcabədi və Beyləqanda həyata keçirilib”. Musa Muradlı layihələrdə tərəfdaş kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbələri ilə əməkdaşlıq etdikləri və bu əlaqələrdən məmnun qaldığını da bildidir.
Araşdırmamızda digər dövlət qurumları ilə müxtəlif QHT-lərin birgə əməkdaşlığı və onun nəticələri haqqında misalları çox çəkə bilərik. İndi isə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamına əsasən Qeyri-Hökumət Təşkilatlarina Dövlət Dəstəyinin Prioritet sahələrinə nəzərə salaq.
QHT-LƏRLƏ DÖVLƏT QURUMLARI ÜÇÜN YOL XƏRİTƏSİ

QHT-lərlə dövlət qurumları arasında əməkdaşlıq baxımdan yol xəritəsinin əsas elementləri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasında təsbit edilib. Bu Konsepsiya həmçinin dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının təkmilləşdirilməsini, siyasi-hüquqi, vətəndaş mədəniyyətinin formalaşdırılmasında QHT-lərin iştirakını nəzərdə tutur.

Söz açdığımız konsepsiya ilə dövlətin ilk növbədə hansı sahələr üzrə QHT-lərin təqdim etdikləri proqram və layihələrə üstünlük verəcəyi müəyyən edilir. Burada göstərilən 15 istiqamətdən yarıdan çoxu cəbhə bölgəsində yaşayan əhali ilə, o cümlədən qaçqın, məcburi köçkünlərlə bu və ya digər dərəcədə daha çox bağlıdır:
- Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi;
- qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiə edilməsi;
- qaçqın, məcburi köçkün, əlil, sağlamlıq imkanları məhdud uşaqların və veteranların problemlərinin həll edilməsi;
- insan hüquq və azadlıqlarının təmin edilməsi;
- regionların sosial-iqtisadi inkişafının təmin edilməsi;
- ətraf mühitin mühafizəsi;
- uşaq, qadın və gənclərin sosial, fiziki və mənəvi inkişafı;
- əhalinin sağlamlığının qorunması.
Bu istiqamətlər QHT-lərə cəbhə bölgəsində fəaliyyəti gücləndirməyə, eləcədə təmas xəttinə yaxın yerləşən ərazilərdə olan ictimai təşkilatlara stimul verməklə yanaşı, çoxvektorlu işlər üçün baza rolu oynayır. Məqsəd həm də, cəbhə xəttinə ərazilərdə ictimai nəzarətin daha effektiv təşkili və milli maraqların qorunmasına dəstəkdir.

QHT SEKTORUNA NÜMUNƏ

Azərbaycan həqiqətlərinin dünyada tanıdılması, ədalətli mövqeyinin xarici ölkələrdə və beynəlxalq təşkilatlarda təbliğ edilməsi, Xocalı soyqırımına qiymətin verilməsi, regionların sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində Heydər Əliyev Fondunun və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr QHT sektoru üçün nümunə sayıla bilər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi Səhiyyə Nazirliyinin müxtəlif tibbi müəssiləri ilə birlikdə həyata keçirdiyi layihələrdə cəbhə bölgəsi xüsusi yer tutur. 2018-ci ilin may ayında Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə və Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünləri, eləcə də Füzuli rayonunun Horadiz qəsəbə və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakinlərini əhatə edən onkoloji müayinələr keçirilib. 2019-cu ilin aprel ayında isə Bərdədə “Talassemiyasız həyat naminə” regional simpozium və ödənişsiz müayinələr keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Sosial bağlar” layihəsi isə QHT-dövlət qurumları –xarici təşkilatlar üçbucağının uğurlu nəticəsidir. Belə ki, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin demək olar ki, bütün regionlarını, cəbhə bölgəsi də daxil olmaqla əhatə edən bu layihə çərçivəsində aztəminatlı ailələr, Qarabağ müharibəsi veteranı və şəhid ailələri üçün ümumilikdə 22 mindən çox ağac əkilib. Layihənin həyata keçirlməsinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan RİİB-in könülləri də cəlb olunur.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan RİİB-in həyata keçirməyə başladığı “Sosial layihələr” müsabiqəsi də vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə keçirilir. Müsabiqə üzrə iştirakçıların qeydiyyatı və layihə təkliflərinin qəbulu 20 noyabr 2019-cu ildə başa çatıb. Ümid edirik ki, tezliklə uğurlu nəticələrə şahid olacayıq.

CƏBHƏ BÖLGƏSİNDƏ QHT-LƏR VƏ DÖVLƏT QURUMLARI ARASINDA ƏMƏKDAŞLIQ ÜÇÜN YENİ IMKANLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasını vətəndaş cəmiyyətinin inkişafına mühüm təkan verib. Şura Azərbaycan həqiqətlərinin təbliğində, informasiya müharibəsində aktiv iştirakının təmin olunmasında mühüm rol oynayır. Vətəndaş cəmiyyətinin inkişafı baxımından QHT-lərin dövlət orqanları, media və özəl sektorla qarşılıqlı faydalı əməkdaşlığının təmin olunması cəmiyyətin tərəqqisinə yönələn müxtəlif proqram və layihələrin reallaşmasında gətirib çıxarır.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Gənclər və İdman, Mədəniyyət və Turizm, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən hər il yüzlərlə QHT təşəbbüsü dəstəklənib. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 11 sentyabr 2019-cu ildə SƏLİS-in e-məsləhət xidmətinin tətbiqinə başlaması yeni imkanlar yaradır. Bundan başqa, Şuranın 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələrini elan etməsi vətəndaş təşəbbüskarlığını daha da artıracaq.

Konkret olaraq, yeni imkanlardan istifadə edərək cəbhə bölgəsində aşağıkı təkliflərin reallaşmasına ehtiyac duyulur:

- QHT-lərin təmas xəttinə yaxın ərazilərdə həyata keçirdikləri layihələrə dəstək payının artılması və cəbhə bölgəsində kollektiv və irimiqyaslı layihələr həyata keçirilməsinə təşviq edilməsi;

- QHT-lərin və sosial həssas qrupların, o cümlədən şəhid ailələrinin, müharibə veteranların, qadınların, məcburi köçkünlərin, cəbhəyanı kənd sakinlərinin marifləndirilməsi üçün təlim mərkəzlərinin effektiv işinin təşkili;

- QHT-lərin yalnız regionlarda olan şöbələri üçün hərbi-vətənpərvərlik təbliğatı, sosial –iqtisadi inkişaf və bu kimi mövzularda digər spesifik müsabiqələrin keçirilməsi.

Bu təkliflərin realalşması ucqar nöqtələrdə yaşayan soydaşlarımızın da cəmiyyət həyatında daha fəal iştirak etməsini gücləndirər. QHT-lərin iştirakı ilə bölgənin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirləri artırması konkret nəticələr verər. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada daha fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üçün məlumat bazasının formalaşması və ondan istifadə edilməsi informasiya müharibəsində zəruri ehtiyatlar yaradılmasına dəstək olar.

Qeyd edək ki, Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin son zamanlar Dağlıq Qarabağdakı separatçı qurumun fəallaşdığını nəzərə alıb Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasına ayrılan vəsaitin artırılmasıyla bağlı məsələ qaldırması yuxarıda qeyd olunanlarla üst-üstə düşür.

Azərbaycan Respublikasın Prezidenti İlham Əliyev QHT-lərin dövlət quruculuğundakı rolunu yüksək qiymətləndirir: "Vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir". Bu səlis fikirlə, ölkə başçısı QHT-lərin müasir dövrdə vacib institutlarından biri olduğunu vurğulayır.
Deməli, III sektor üçün yol aydın, xəritə oxunaqlıdır. Qalıb vətəndaş cəmiyyəti qurmaq yolunda dövlət qurumları ilə əməkdaşlığı gücləndirməklə birgə yürümək. Daha güclü Azərbaycan naminə...

Şöhrət Eyvazov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi “SƏLİS Jurnalist” nominasiyası üzrə müsabiqəyə “QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər” mövzusu üzrə təqdim olunur.