Müharibə qadınları... Və ya dəmir zəriflər... Bəs onda fahişə kimdir?!

Müharibə qadınları... Və ya dəmir zəriflər... Bəs onda fahişə kimdir?! backend

Hələ müharibə təzə başlamışdı.

İlk yaranan milli ordu düz evimizin qənşərində - "Fezo"da (Texniki peşə məktəbinə belə deyirdilər) yerləşdiyi üçün (Ağdam rayon Əlimədədli kəndi) əksər hərbçilərin balaca dostları idim. O zamanlar kəndimiz şalvar geyinən qadın görməmişdi. Uşaq halımızla bizə də təəccüblü gələrdi. Günlərin bir günü dayım gilin yanında hərbi geyimdə bir qadın gəldi. Lap gözlərim bərələ qalmışdı... "Heç arvaddan da əsgər olarmı?" - sualları beynimi eşirdi. O gəlib anamın atamgil üçün hazırladığı ayrandan bir stəkan içib sonra üstümə gəldi. Topumu əlimdən alıb evinizin divarı ilə voleybol oynamağa başladı... Sarışın, ortaboylu, yaraşıqlı bir qızın adı Könül idi. Sonra daha bir qadın əsgər gördüm - Onun da adı Sevil idi. Bu dəfə qapının qarşısından keçən Sevili qapımızdakı nar ağacının dibində kətə göyü təmizləyən anama göstərib dedim: - Ay ana, heç arvaddanda əsgər olar? - Tankçı qardaşı Manik tərəfdə, atam isə komandir əmimin göstərişi ilə başqa cəbhədə olmasına görə (Rəhmətlik əmim də başqa cəbhədə) gərgin olan anam: - Olar... Niyə olmur... - deyib, başını göy tiyəninə tərəf tutub, daha cəld işləyə-işləyə təkrar deyinməyə başladı: - Kişi olmağa nə var? Heç kimi, heç nəyi düşünmürlər. Nər ona deyərəm həm ər, həm qardaş, həm bala dərdi çəksin. Hələ bu azmış kimi döyüşə də qatılsın. Bax nər ona deyərəm bu zarpa dözsün...

Onda mənə çatmadı Anam nədən bəhs edir. Sözün əsl mənasında topumu götürüb başqa yerdə oynamağa qaçdım.

İllər ötüb. Mən müharibə haqqında fotolar çəkib , yazılar yazmağa başlayıram. Kameramın obyektivini kişilərlə yanaşı qadın döyüşçülərə də tuşlayıram. Yaxşı yadımdadır, ilk müsahibim olan qadın döyüşçü Şamama Quliyevaya verdiyim "Səni döyüşlərə qatılmağa nə vadar edirdi?"- sualına aldığım cavab: "Ermənilər torpaqlarımıza hücum edib, soydaşlarımızın qanına susuyanda kəndimizdə hər evdən bir kişi çıxıb silaha sarıldı. Mənim həyat yoldaşım vəfat etmişdi. Uşaqlarım körpəydi. Qüruruma sığdıra bilmədim, həm ərim, həm də azyaşlı oğlanlarım əvəzdən silah götürüb kəndimizin kişilərinə qoşuldum..."

Daha bir həmsöhbətim Bəxdigül adlı qadın idi. O həm bacı kimi, həm də sonralar ana kimi sözün əsl mənasında dağ görmüşdü. Ona da təxminən belə bir sual ünvanladım: -Necə oldu ki orduya qatıldınız? - Qadın xeyli düşünüb dolmuş gözlərindən bulaq kimi qaynayan yaşı cadar-cadar olmuş kobud əlləri ilə silib, bir kəlmə ilə cavab verdi: -Cavan yaşında şəhid olmuş madar qardaşımın qişasını almaq üçün...

Bəxdigül xanımı çoxu Qaragilə kimi tanıyır. Küçələri süpürüb yetim qalmış azyaşlı nəvələrinə əppək pulu qazanır. Tanrı Bəxdigülə qardaş, ər, övlad dağı çəkib qaraldıb onun gül bəxtini...

Hələ bununla bitmir... Növbəti tanıdığım qadın döyüşçü Sabirə Mahmudova oldu. O Sabirə ki ziyalı, el-obanın qeyrətli ailəsində böyüyüb, təhsil alıb və pedaqoji fəaliyyətlə məşğul olur. Lakin müharibə başlayarkən yaranan zərurət mənim Sabirə bibimi sinif otağından səngərə atır. Dəfələrlə mühasirəyə düşür, ölüm-qalım savaşı edir. Amma bu yoldan çəkinmir. Cəbhədə gördüyü çətinlikləri kresloda oturanlara deyib əsgərin, şahidin haqqını tələb edir. O hələ də savaşır və ən yeni tariximizin ən unikal mənbəsidir.

Sonra növbəti tanığı olduğum tanıq Diləfruz xanımdır. O tibb işçisi kimi qatılıb döyüşə. Qazançı əməliyyatında , kəskin atəş altında yaralı əsgərin həyatını xilas etməkdən çəkinmir əsgəri xilas etsə də özünü xilas edə bilmir... Bir neçə güllə yarası alır. Amma müalicədən dərhal sonra cəbhəyə dönüb savaşa qatılır...

Yuxarıda qeyd etdiyim siyahını nəqədər desən uzatmaq olar. Amma mən son olaraq Kəmalə xanımla bitirirəm. Şəhidlər xiyabanında erməni başı kəsmiş Kəmalə xanım...

İndi yavaşca "atı daşlığa sürüb" keçək mətləbə...

Bu gün hansısa ağzının şorbasın yığa bilməyən, ağı qaraya qatıb qadın döyüşçülərin ünvanına fahişə sözü deyir. Özü də böyük tribunadan. Ola bilsin döyüş vaxtı bardan cəbhəyə qaçan fahişə olsun. O hamı demək deyil. O özünə cavabdehdir. Özü də mənim gözümdə səndən ucadır. Ən azı bardan səngərə qaçıb. Ən azı mərmi yağışı altında, sabahın şəhidinin , qazisinin yanında olub, onu yedirdin, yarasın sarıyıb. Sən isə həmin vaxt barlarda kef məclislərində olmusan... Bu gün onların hesabına qazanıb , çörək yeyirsən. Əgər onlar fahişədirsə sən və sənin kimi düşünənlər fahişə çörəyi yeyənlərdi. Bax dəə... gör heç kişilikdə fahişə haqqı yemək varmı?! Bəs yaxşı... bir də düşün gör sənin kimisinin savaşdan danışmaq haqqı var mı?!

Sənin kimilər pul qazanmaq üçün yaltaqlıq edib, qapı-qapı sülənənib qazanmaq xatirinə hər şey etməyə hazır olanda onlar Vətənə qələbə qazandırmaq üçün hər şey ediblər. Evindəkilər yanağına kosmetka yaxıb qoltuğuna girib təntənəli mərasimlərə gedəndə onların üzündə təzəcə şəhid olmuş igidlərin qanına batıb.

Sənin kimiləri əqrəbana dəbdəbəli nişan aparanda onlar komandirlərin göstərişi ilə şəhid olmuş əsgərin nişanlısına, bacısına, arvadına həmdəm olmağa, təsəlli verməyə, son məktubu aparmağa gediblər. Yükləyiblər ürəklərini ağır dərdlə, acı xatirələrlə... Hazırda isə həmin travmaların təsiri altından çıxa bilməyib, mənəvi sancılarla yaşayırlar.

Bir düşün... Bir daşın... Sonra yenidən qərar ver. Yuxarıda sadaladıqlarım fahişədir, yoxsa onlara fahişə deyən sən?!
Diaspora