Qarabağ əlillərinə “qan pulu” verilməsi məsələsi yenidən gündəmə gəldi

Qarabağ əlillərinə “qan pulu” verilməsi məsələsi yenidən gündəmə gəldi backend

"Qarabağ qaziləri" İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirib əlil olmuş Qarabağ əlillərinin - hərbi qulluqçuların şəxsi icbari sığortasının ödənilməsi ilə bağlı millət vəkillərinə müraciət edib.

Milli Məclisdə 2020-ci ilin büdcə layihəsinin müzakirəsi ərəfəsində bu müraciətin ünvanlanmasının əsas səbəbi gələn ilin dövlət büdcəsində bu ödənişlərin nəzərə alınmasıdır.

"Qarabağ qaziləri" İctimai Birliyinin sədri Asəf Əliyev bildirib ki, 1997-ci ilə qədər olan Qarabağ əlilləri, sığorta pulunu ala bilmirlər: “Ötən ildən ölkə prezidenti İlham Əliyev cənablarının sərəncamına əsasən şəhid ailələrinə 11 min manat "qanpulu" - birdəfəlik ödəmələr verilməyə başladı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda da bunu icra edir. Artıq bu işin cari ilin sonuna qədər tamamlanacağı gözlənilir. Bu proses başa çatmaq üzrədir, eyni zamanda hazırda dövlət büdcəsi də müzakirə olunur. Biz millət vəkillərindən xahiş edirik ki, növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirəsində Qarabağ əlillərinin "qanpulu" məsələsinə baxılsın".

Qeyd edək ki, şəhid ailələri üçün 11 min manat, I qrup Qarabağ əlilləri üçün 8800 manat, II qrup Qarabağ əlillər üçün 6600 manat, III qrup Qarabağ əlilləri üçün 4400 manat "qanpulu" nəzərdə tutulub.

Məsələ ilə bağlı Musavat.com-a danışan “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu artıq Qarabağ əlillərinə də sığorta pulunun verilməsi ilə bağlı qərarın zamanı olduğunu qeyd edib: “5 ilə yaxındır ki, şəhid ailələrinin və Qarabağ əlillərinin “qan pulu” adlanan vəsaitlərinin verilməsi üçün mediada və ictimaiyyət arasında müzakirələr gedir. Rəsmi olaraq, “Hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanunla tənzimlənir. Bu qanuna görə, müharibədə iştirak edib şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərinə, sağ qalmış vərəsələrinə 11 min manat, yaralanıb əlil olanlara isə müvafiq olaraq I qrup əlillərə 8800 manat, II qrup əlillərə 6600 manat, III qrup əlillərə isə 4400 manat sığorta pulu ödənilməli idi. Ancaq illərdir bu vəsait ödənilmirdi. Ötən şəhid ailələrinə 11 min manat vəsaitin verilməsi ilə bağlı prezident İlham Əliyev sərəncam imzaladı. Onun imzaladığı sərəncama əsasən şəhid ailələrinin problemi həll olundu. Bu günə qədər təxminən 12 minə yaxın şəhid ailəsinə həmin 11 min manat vəsait verildi. Bu proses davam edir və çox cüzi hissəsi qalıb. İlin sonuna qədər yekunlaşması gözlənilir”.

R.Kərimoğlunun sözlərinə görə, prosesin ilkin mərhələsində Qarabağ əlilləri özləri geri çəkilərək şəhid ailələrinə öncəliyi veriblər: “O zaman Qarabağ əlillərinə də sığorta pulunun verilməsi müzakirə edildi. Lakin mərhum Etimad Əsədov təklif etdi ki, öncə şəhid ailələrinin vəsaitləri verilsin, daha sonra Qarabağ əlilləri ilə bağlı məsələ gündəmə gəlsin. Çünki həm Milli Məclisdən, həm Maliyyə Nazirliyindən, həm də digər qurumlardan bizə bildirdilər ki, vəsaitin həcmi çoxdur. Ona görə də, Etimad Əsədov təklif etdi ki, şəhid ailələri irəlidə olsun, onlar bizim başımızın tacıdır. Biz sağıq, ailəmizin üstündəyik, ancaq şəhid anaları, şəhid xanımları və övladlarının daha çox ehtiyacı var, onlar qurban veriblər. Bundan sonra qərar verildi və şəhid ailələrinə birdəfəlik müavinət –sığorta pulu verildi”. İndi il başa çatır, bu proses də yekunlaşır. Ona görə, dünən Qarabağ Qazilər Birliyinin sədri Asəf Əliyevin müraciəti yayıldı. Bu bütün millət vəkillərinə ünvanlanmış müraciət idi. Ümid edirik ki, parlamentdə bu məsələ qaldırılacaq və növbəti ilin dövlət büdcəsində bu ödənişlər nəzərdə tutulacaq. Büdcədə bu vəsait nəzərdə tutularsa, yenidən prezident sərəncamına ehtiyac qalmaz. İndi millət vəkilləri bu məsələni qaldırmalıdır. Ötən dəfə də onların böyük rolu oldu, şəhid ailələrinə “qan pulu” verilməsini parlamentdə qaldırdılar və nəticəsi də oldu. Ümid edirik ki, Qarabağ əlillərinə də sığorta vəsaitinin verilməsi üçün müvafiq addım atılacaq. Biz buna inanırıq və gözləyirik”.

“Yeni Müsavat”