Qarabağ əlillərinə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunla düşən vəsaitin – “qan pulu”nun ödənilməsi məsələsi gündəmdədir.
Qaziler.az bildirir ki, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyinin sədri Firidun Məmmədov Qarabağ əlilləri və şəhid ailələrinin "qanpulu" dediyimiz “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunla düşən vəsaitin – “qan pulu”nun ödənilməsi ilə bağlı dəfələrlə ölkə rəhbərliyinə və millət vəkillərinə müraciət etdiklərini vurğulayıb. "Onlarla olan görüşlərimizdə bu haqsızlığın aradan qaldırılması, müharibə əlillərinə və şəhid ailələrinə sığorta pulunun ödənilməsi üçün müəyyən razılaşmalar da əldə etmişdik. Son dəfə biz - "Qarabağ Qaziləri" İctimai Birliyi və bir neçə qazi təşkilatları, o cümlədən, "Qarabağ Əlillərinə Qayğı" İctimai Birliyi Ali Baş Komandana müraciətimizdə toplam məbləğin çox olduğunu nəzərə alaraq təklif etdik ki, öncə şəhid ailələrinin "qanpulu" ödənildikdən sonra Qarabağ qazilərinin sığorta vəsaiti verilsin. Dövlət başçısı bunu nəzərə aldı və şəhid ailələrinin "qanpulu"nun ödənilməsi istiqamətində tapşırıqlar verdi və lazımi tədbirlər görüldü. Artıq şəhid ailələrinin "qanpulu"nun verilməsi prosesi başa çatmaq üzrədir. Növbəti ildə Qarabağ əlillərinin sığorta pulunun ödənilməsi məsələsinə parlamentdə baxılmasını gözləyirik. Amma təəssüf ki, Qarabağ əlillərinin "qanpulu" - icbari şəxsi sığorta pulunun ödənilməsi üçün büdcədən hansısa vəsaitin ayrılması ilə bağlı Milli Məclisin büdcə layihəsində heç bir təklif yoxdur. Bu, biz Qarabağ əlillərini çox narahat edir. Əslində gözləyirdik ki, bu məsələ parlamentdə büdcə layihəsinin tərkibində müzakirəyə çıxarılar və layihəyə daxil edilər. O ki qaldı əlillərin "qanpulu"nun verilməsi üçün haradansa vəsaitin tapılması söz-söhbətinə, bu, inandırıcı görünmür. Hazırda Qarabağ əlillərini narahat edən ən ciddi məsələ "qanpulu"nun ödənilməsidir. Bu uzun illərin problemidir. Problemin həlli çox gecikib, ümid edirik ki, gələn il Qarabağ əlillərinin sığorta pulunun ödənilməsi məsələsi Milli Məclisin büdcə layihəsinə salınar və büdcə haqqında qanun qəbul edilərkən bu məsələ nəzərə alınar. Biz Ali Baş Komandana, Milli Məclisin spikerinə, millət vəkillərinə bir daha müraciət edərək bu məsələdə həssas və diqqətli olmalarını xahiş edirik"."Qazilərin sığorta pulu verilməlidir" - Firidun Məmmədov

