Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək ölkələrdən Portuqaliyanın nümayəndə heyətinin ilk qrupu Azərbaycana gəlib. APA-nın məlumatına görə, onları Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar.
Portuqaliya Milli Olimpiya Komitəsinin idman direktoru Marku Alveş hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, Portuqaliya yarışlara 100 idmançı ilə qatılacaq: "Biz olkəmizin ən yaxşı idmançılarını I Avropa Oyunlarına gətirəcəyik. İdmanda medalların sayını qabaqcadan demək risklidir. Amma ölkəmizə bir neçə medalla qayıtmağa çalışacağıq".Nümayəndə heyəti onlar üçün ayrılmış xüsusi avtobuslarla Atletlər kəndinə yola salınıblar.
Qeyd edək ki, “Bakı-2015” I Avropa Oyunları işıqlandırmağa gələn jurnalistlərin daha bir qrupu da bu gecə Azərbaycana gəlib. Onları da Heydər Əliyev Hava Limanında “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin xüsusi nümayəndələri və könüllüləri qarşılayıblar. Jurnalistlər daha sonra xüsusi avtobuslarla "Media kəndi"nə yola salınıblar.
Yarışlara kimi “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Heydər Əliyev Hava limanında yaratdığı xüsusi qərargah 24 saat fəaliyyət göstərir.
Xatırladaq ki, iyunun 12-dən 28-dək davam edəcək 17 günlük yarışlara 49 ölkədən 6 mindən çox idmançı, 3 mindən artıq komanda rəsmisi qatılacaq. Yarışlar 20 idman növünü əhatə edir ki, bunların 16-sı Olimpiya növləridir.