“Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Böyük Britaniyadan gəlmiş mütəxəssislər Avropa Oyunları zamanı metroda təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədilə Bakı Metropoliteninin mühafizəsini həyata keçirən polis əməkdaşları ilə treninqlərə başlayıblar.
“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, iyunun 12-dən 28-nə kimi Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar Bakı Metropolitenin də fəaliyyətində bir sıra yeniliklər edilir: “Avropa Oyunları ilk dəfə keçirilsə də, Olimpiya Oyunları təcrübəsi olan şəhərlərin metropolitenlərinin nümunəsi Bakı Metropoliteni üçün əhəmiyyətli ola bilər. Çünki Avropa Oyunlarını miqyasına görə məhz Olimpiya Oyunları ilə müqayisə etmək mümkündür. Standartlarına görə, ölkəmizdə keçiriləcək ən böyük idman tədbiri olacaq Avropa Oyunları zamanı metropolitenin təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi 2012-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmiş London şəhərinin təcrübəsinə müraciət edib. “Bakı Metropoliteni” QSC-nin dəvəti ilə Böyük Britaniya paytaxtında metropoliten şəbəkəsini də əhatə edən “Transport for London” şirkətinin mütəxəssisləri təhlükəsizliyin təminatı ilə bağlı metropoliteninin mühafizəsi üzrə polis şöbəsinin əməkdaşları ilə treninqlərə başlayıblar”.5 gün davam edəcək seminarlarda “Transport for London”un infrastruktur məsələləri və əməliyyat üzrə proqram direktoru Corc Makaynalti və mütəxəssis Hyu Makkey London metrosunda əldə edilən təcrübələrini bölüşür, xüsusi proqram əsasında seminarlar keçir, bu dövrdə işin təşkili və idarə olunması prinsiplərindən söz açır, tövsiyələrini verirlər.
Treninqin ilk təlimi polis əməkdaşlarının davranış qaydalarında sosial-psixoloji məsələlərə diqqət edilməsi ilə bağlı olub. Bakıya gələcək turistlərin fərqli ölkəni, mədəniyyəti, dünyagörüşə malik mühiti təmsil edə biləcəyinin nəzərə alınması və bu zaman davranışında maksimum nəzakətli və tövsiyə xarakterli olması vacibdir. Digər məsələ polisin iş vaxtı diqqət etməli olduğu məsələlər, onlara kompleks və fərdi yanaşma metodları və konkret məqamları ilə bağlı olub. Stansiyada sərnişinlərin daim hərəkətdə olması, qatara vaxtında minib-düşməsi və s. kimi məsələlərlə əlaqədar mütəxəssislər əyani nümunələr əsasında təkliflərini, tövsiyələrini veriblər.
London və Bakı metropolitenləri arasında oxşar və fərqli cəhətləri nəzərə alan britaniyalı mütəxəssislər bəzi vacib məsələlər ətrafında geniş və çeşidli metodlarla müzakirələr təşkil edirlər.
C.Makaynalti London Olimpiya Oyunları zamanı əldə etdiyi təcrübəsinə əsaslanaraq, açılış və bağlanış mərasimləri, yarışların keçirildiyi arenalar və onlara yaxın metro stansiyalarında iş prinsiplərinin təşkili, həmin arenalarda yarışların başlama və sona yetmə saatlarına uyğun bəzi məsələləri polis əməkdaşlarının diqqətinə çatdırıb.
Analoji təlimlər “Bakı Metropoliteni” QSC-nin digər əməkdaşları üçün də təşkil ediləcək.