Vəkillər Elinanın intiharına dair cinayət işində direktora ağır cəza tələb etdilər

Vəkillər Elinanın intiharına dair cinayət işində direktora ağır cəza tələb etdilər backend

Məktəbli Elinanın ölümünə görə məktəb direktoru hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın məhkəməsi Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib.

Prosesdə Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri, vəkillər Sevinc Əliyeva, Emin İsayev çıxış ediblər. Onlar təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini, həbs edilməsini istəyiblər.

Məhkəmədə Təhsil Nazirliyinin nümayəndəsi də çıxış edib. Nümayəndə mülki iddianın təmin edilməməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 24-ə təyin edilib.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror Sevinc Abbasovanın azadlığının 2 il 6 ay müddətinə məhdudlaşdırlmasını istəyib.

Rəsmi ittihama görə, Elina Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb.

O da qeyd edilir ki, Elına sonuncu hadisədən öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb.

Direktor sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib.

İttihama görə, E.Hacıyeva özünü məktəbdən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayıb. Bununla da E.Hacıyevanın həyatını təhlükədə qoyub.

Elan olunmuş ittihamla Sevinc Abbasova özünü təqsirli bilməyib.

Sonuncu məhkəmə prosesində Elinanın ailə üzvlərinin vəkilləri məhkəməyə 100 min manatlıq mülki iddia təqdim ediblər. Vəsatətdə cavabdeh tərəf kimi Təhsil Nazirliyi göstərilib. Məhkəmə vəsatəti icraata qəbul edilib.

Xatırladaq ki, məhkəmənin qərarı ilə Sevinc Abbasova barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, ev dustaqlığındadır.

Məktəbdə intihar edən, 8-ci sinif şagirdi Elina Hacıyevanın ölümü ilə bağlı məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib.

S.Abbasova Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) və 314.2-ci (Səhlənkarlıq; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Musavat.com