“Yol polislərimiz gələnlərlə ingiliscə danışacaqlar”

“Yol polislərimiz gələnlərlə ingiliscə danışacaqlar” backend

“Birinci Avropa Oyunları zamanı Azərbaycan polisi bütün müsbət göstəricilərini nümayiş etdirəcək”. QAZİLER.AZ xəbər verir ki, bunu Modern.az saytına Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, polislər artıq gücləndirilmiş iş rejimində çalışır: “Təhlükəsizlik tədbirləri gücləndirilib. Bütövlükdə asayişin qorunması tam təmin olunacaq, yol hərəkətində təhlükəsizliyin təmini ilə bağlı zəruri tədbirlər görüləcək”.

Vaqif Əsədov qeyd edib ki, polis-vətəndaş davranışlarının tənzimlənməsi ilə bağlı tədbirlər həyata keçirilib, həmçinin polislərin ölkəmizə gələcək turistlərlə münasibətlərini asanlaşdırmaq məqsədilə onların hər birinə Baş Dövlət Yol Polisi İdarəsində hazırlanan lüğət kitabçaları paylanıb: “Həmin kitabçada ingiliscə danışıq qaydaları (salam, sağ ol, sizi nə maraqlandırır? və s.) qeyd olunub. Mütəxəssislər il boyu polis əməkdaşlarına ingilis dilində danışıq qaydaları üzrə dərslər keçib”.

Hamıya bəllidir ki, polislər üçün nəzərdə tutulan nəqliyyat vasitələrində səslənən siqnallar bəzən insanda qorxu yaradır. Maraqlıdır, yarışların keçiriləcəyi ərəfədə bu məsələ necə tənzimlənəcək?

Vaqif Əsədovun sözlərinə görə, öncə bu siqnalın niyə verildiyini düşünmək lazımdır: “Xarici ölkələrdə hərəkət üstünlüyünə malik nəqliyyat vasitələri xüsusi siqnallarla təchiz edilib. Bizim ölkədə də belədir. Yanğınsöndürən, təcili tibbi yardım, o cümlədən polis maşınlarında bu cür siqnallar olmalıdır. Polis maşınları da bu qrupa daxil olduğundan təhlükəsizliyin təmin olunması üçün həmin siqnallarla təchiz edilib. Həmin siqnallar zərurət yarandıqda istifadə edilir.

Bu siqnal səsindən qorxmaq yox, məlumatlı olmaq lazımdır. Hər birimiz bu tip siqnalın səslənməməsinə çalışmalıyıq. Polis əməkdaşları da zərurət yarandığı zaman bu siqnaldan istifadə edirlər. Onlar yaxşı bilirlər ki, hər dəqiqə siqnaldan istifadə etmək düzgün deyil. Amma sürücü avtomobili qulaqcıqla musiqiyə qulaq asaraq idarə edirsə, yol hərəkəti qaydasını pozursa, qarşıda hərəkət edən sürücüyə yolun sağ hərəkət zolağına çəkilməsi təklif edilir, amma o eşitmirsə (əslində sürət həddindən asılı olaraq hərəkət sağ hərəkət zolağı ilə olmalıdır) polis siqnal verməyə məcburdur. Bu, polisin yol verdiyi hər hansı qayda pozuntusu deyil” .
Diaspora