Rəsulzadəyə sahib çıxan YOXDUR: Hamı günahı bir-birinin üstünə atır

Rəsulzadəyə sahib çıxan YOXDUR: Hamı günahı bir-birinin üstünə atır backend

Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular Parkında ucaldılan büstü ətrafında yaranan qalmaqal səngimək bilmir. Milli Məclisin mayın 29-da keçirilmiş iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlının bu məsələni qaldırması - Rəsulzadənin büstünün başına keçirilən çuvalın çıxarılmasını tələb etməsi parlamentdə qalmaqala səbəb olub. O, bu məsələyə görə Gəncə şəhər İcra Hakimiyyətini qınayıb.

Gəncədən olan deputat Musa Quliyev isə Sabir Rüstəmxanlıya ünvanı səhv saldığını irad tutub və onu “Azərbaycan Dəmir Yolları”ndan hesab sormağa çağırıb.

Qeyd edək ki, qalmaqaldan sonra büstün üzərinə örtülən örtük açılsa da, dünən yenidən bağlanıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müsavat.com-a açıqlamasında sözügedən məsələnin onlara dəxli olmadığını vurğulayıb.

Modern.az saytı məsələni aydınlaşdırmaq üçün yenidən “Azərbaycan Dəmir Yolları” QSC-ilə əlaqə saxlayıb. Qurumun katiblik rəisi Nadir Əzməmmədova icra başçısının açıqlamasını xatırlatdıqda, onun cavabı belə olub:

“Dəmir Yolları İdarəsinin balansında xəstəxana, yaşayış binası, su idarəsi və kommunal xarakterli obyektlər vardı. Nazirlər Kabinetinin sərəncamına əsasən, 2002-ci ildən etibarən obyektlər Gəncə şəhər İcra Hakimiyyətinin balansına verilməli idi. Biz təhvil-təslim üçün müraciət etmişik, qəbul etməybilərsə, bu Hcra Hakimiyyətinin günahıdır. Bizim günahımız deyil ki?..

Orada tikinti aparılır. Parkda tikintiyə icazəni Dəmir Yolları İdarəsi yox, Gəncə şəhər İcra Hakimiyyəti verir. Kim icazəni verirsə, o da zəhmət çəkib açıqlama versin”.

Gəncənin deputatı Musa Quliyev isə Modern.az-a hazırda paytaxtda olduğunu deyib: “Mən hazırda Bakıdayam. Rəsulzadə ilə bağlı fikir bildirmişəm. Məsələyə dair Sabir Rüstəmxanlının mənə qarşı dediklərinə də cavabı öz yazımda (“Yeni Azərbaycan” qəzeti) vermişəm. Büstün üzərini kim açıb, kim örtüb, onu bilmirəm. Bunu Gəncə şəhər İcra Hakimiyyətindən, Nəqliyyat Nazirliyindən, Dəmir Yolları İdarəsindən soruşun”.

Mənbə: Modern.az
Diaspora