"Bizim təşkilatın əsas ideyası Ali Baş Komandanın Qarabağ əlilləri və şəhid ailələriylə bağlı verdiyi tapşırıqlarının həyata keçirilməsi üçün məmurlarla qazilər arasında bir körpü rolunu oynamaqdır"
Bunu Moderator.az-a açıqlamasında Qarabağ qazisi Firudin Məmmədov deyib. F.Məmmədov bu yaxında sədri olduğu təşkilatın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığını bildirib:"Əslində biz təşkilatı qeydiyyatdan keçirmək üçün 2010-cu ildə Ədliyyə Nazirliyinə müraciət etmişdik. Amma bu on il sonra qeydiyyatdan keçdi. Buna qədər isə biz həmişə fəaliyyətimizə davam etmişik. Neçə il idi ki, "Vətən Müharibəsi Əlilləri İctimai Birliyi" adıyla fəaliyyət göstərirdik. Qeydiyyatdan keçmək ərəfəsində isə Ədliyyə Nazirliyinin təklifi ilə ortaq razılaşmaya gəldik və təşkilatın adını "Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi"lə əvəz etdik. Təbii ki, müraciət olduqca biz yerlərdə də təşkilatın filiallarının yaradılmasını nəzərdə tutmuşuq və artıq bir neçə rayondan təkliflər də var. Mən 26 ildir ki, ictimai sektordayam və əlillərin 80-90 faiziylə şəxsən münasibətim var.
Bizim təşkilatın əsas ideyası Ali Baş Komandanın Qarabağ əlilləri, şəhid ailələriylə bağlı verdiyi tapşırıqlarının həyata keçirilməsi üçün məmurlarla qazilər arasında bir körpü rolunu oynamaqdır. Çünki bu körpü yoxdur. Ölkə başçısı və Birinci vitse-prezident Qarabağ əlilləriylə bağlı müsbət göstərişlər verir, amma buna baxmayaraq yerlərdə problemlər var. Məmurlar yerlərdə Qarabağ qazilərinin sosial durumlarının yaxşılaşdırılmasıyla bağlı konkret olaraq heç bir təklif və layihələrlə çıxış etmirlər. Bu gün bizim təbəqəni təmsil edən konkret bir dövlət qurumu yoxdur. Qadınların, uşaqların, gənclərin, ailələrin hüquqlarını təmsil edən dövlət komitəsi var, amma müharibədə iştirak edən insanların hüquqlarını təmsil edən qurum yoxdur. Ona görə bizim məqsədimiz odur ki, dövlətin Qarabağ əlilləriylə verdiyi tapşırıqları yerlərdə həyata keçirək. Bu gün Qarabağ əlillərinə və şəhid ailələrinə mənzillər, avtomobillər verilir, dövlət tərəfindən onlara çox böyük diqqət var".