Məktəb direktorları ümumi orta təhsil bazasını bitirmiş, attestatında “3” qiymət olan şagirdləri 10-cu sinfə qəbul etməkdən imtina edirlər.
Kult.az xəbər verir ki, bu faktı təhsil eksperti Elşən Qafarov gündəmə gətirib.O bildirib ki, bu yanlış addım Konstitusiyanın 42-ci maddəsinə və Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə ziddir:
“Bu, uşaq hüquqlarının kobud pozulmasıdır. Təhsilin əsas məqsədlərindən biri də vətəndaş və şəxsiyyət yetişdirməkdir. Məktəb direktorlarını belə qanunsuz əməllərdən çəkinməyə çağırıram”.
Təhsil eksperti nümunə üçün şəhidimiz, Milli Qəhrəman Mübariz İbrahimovun gündəliyinin şəklini də paylaşıb:
“Məktəb direktorları unutmamalıdır ki, bu gün “3” qiymətinə görə üzlərinə məktəb qapılarını bağladıqları uşaqlar sabahın Mübarizləri ola bilər. Qiymət heç də hər şeyi həll etmir. Hər uşaq mütləq “əla” qiymət almalıdır deyə bir anlayış da yoxdur. Ola bilər bu gün “pis”, “kafi” qiymət alan bir şagird sabah hansısa əməli ilə ölkənin adını yüksəltsin”