Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb

Antropoloji ekspedisiya hapıt kəndlərində tədqiqatlar aparıb backend

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antropologiya mərkəzinin əməkdaşları "Şahdağ qrupuna" daxil olan xalqların müasir etnomədəni və etnososial durumunun tədqiqini davam etdirlər.

Qaziler.az bildirir ki, 2019-cu ilin avqust ayında mərkəzin əməkdaşları AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya mərkəzinin direktoru, antropologiya elmləri doktoru Əliağa Məmmədlinin rəhbərliyi altında Antropoloji ekspedisiyanın tərkibində İsmayıllı rayonunda "Şahdağ qrupuna" daxil olan hapıtlar haqqında məlumat toplamışlar. İsmayıllı rayonunun Mollaisaqlı və Hacıhətəmli kəndlərində kompakt şəkildə vaxtilə Quba rayonunun Hapıt kəndindən köçüb gələn hapıtlar yaşayırlar. Qeyd etmək lazımdır ki, İsmayıllı rayonunda Hapıtlı adında kənd də mövcuddur. Aparılan araşdırmalar göstərdi ki, bu kəndin əhalisi “azərbaycanlı” kimliyi ilə özünü dərk edir və kənd sakinləri arasında əsasən Azərbaycan dili əsas ünsiyyət dilidir.

Ekspedisiyanın əsas məqsədi polietnik ərazilərdə yaşayan azsaylı etnik qruplar arasında müasir etnomədəni və etnososial proseslərin öyrənilməsidir. Hapıtlar arasında aparılan müşahidələr, sorğular, müsahibələr zamanı əsas diqqət etnik identiklik (kimlik), tarixi yaddaş, ana dillərinin funksionallığı, qonşu etnik qruplarla qarşılıqlı münasibətlər kimi problemlərə, iqtisadi və sosial amillərin gündəlik həyata təsiri məsələlərinə yönəlmişdi.

Məsələn, hapıtlar arasında etnik identikliyi araşdırarkan maraqlı proseslər müşahidə olunur. Məlumdur ki, hapıt dili Şimali Qafqaz dillər ailəsinin Nax-Dağıstan qrupunun ləzgi yarımqrupuna aiddir. Bəzi tədqiqatçılar hesab edirlər ki, bu dil qrız dilinin bir dialektidir. Onların fikrincə bu dialektlər arasında həm də Əlik və Cek kəndlərinin sakinlərinin danışdığı dillər də yer alır. Ekspedisiya zamanı qeyd olunan kəndlərdə aparılan sorğular və müsahibələr bu dillərin həqiqətən də qohumluq əlaqələrində olduğunu və bu kəndlərin sakinlərinin bir-birlərini anlamalarını təsdiq edir. Lakin dil baxımından yaxın olan bu icmaların nümayəndələri özlərini vahid bir etnik birliyinə aid etmirlər. Yəni, etnik identiklik baxımından hapıtlar özlərinin qrızlardan fərqli bir etnosa aid edirlər. Öz kəndləri, adət-ənənələri, davranış qaydaları, tarixi şəxsiyyətləri haqqında məlumat verərkən onlar "biz-onlar" dispozisiyasından çıxış edərək etnik identikliklərini doğma kəndləri ilə əlaqələndirirlər.

Hapıtlar tarixən müxtəlif səbəblərdən aran bölgələrə köçərək məskən salmış və hal-hazırda İsmayıllı, Qəbələ, Ağdaş rayonlarında bir neçə kəndlərin əsasını qoymuşlar. Bu kəndlərin çoxunun sakinləri öz etnik mənsubiyyətlərini hapıt kimi müəyyən edirlər. Hətta qarışıq etnik mühitdə yaşayan şəhər sakinləri olan hapıtlar öz fərqli etnik identikliklərini qoruyub saxlayırlar.

Toplanan məlumatlar və aparılan təhlillər qrızları və hapıtları eyni bir etnosa aid etməyə əsas vermir. Aydın məsələdir ki, əgər hər-hansı bir sosial qrupun üzvləri özlərini müəyyən adla adlandırırsa və bu qrup daxilində həmrəylik prinsipi əsasında özünüdərketmə mövcuddursa, bu qrupu başqa eyni formada təşkil olunmuş qrupla eyniləşdirmək düzgün deyildir.

Araşdırmalar göstərir ki, etnik qrupların nümayəndələrinin böyuk bir hissəsində müəyyən dərəcədə mürəkkəb strukturlu etnik identiklik müşahidə olunur. Bu, tədqiqata cəlb olunmuş hapıtlara da aiddir. Öz etnosuna identifikasiya ilə yanaşı, bu respondentlər özlərini Azərbaycan etnosunun tərkib hissəsi kimi də dərk edirlər. Qeyd olunmalıdır ki, respondentlərin cavabları onu da təsdiq edir ki, bu etnoslar etnik mədəniyyətlərinin əsas elementlərini qoruyub saxlamışlar. Xüsusilə bu, dil davranışında özünü büruzə verir. Məhz bu səbəbdən, tədqiqat obyekti olan hapıtların ana dillərinin funksionallıq dərəcəsi çöl tədqiqatları zamanı diqqət mərkəzində olmuşdur. Məlumdur ki, ana dilinin qorunub saxlanılması, onun etnuk qrupun müxtəlif təbəqələri arasında işlənməsi ənənəvi mədəniyyətin və xüsusulə də etnik identikliyin dayanaqlılığını təmin edən əsas amillərdəndir. Təsadufi deyil ki, bölgədə aparılan araşdırmalar zamanı hapıtlar arasında ana dildən istifadə məsələləri sorğuların, müsahibələrin mövzularından biri olmuşdur.
Diaspora