Həmişə televiziya ekranlarında, qəzet və jurnalların səhifələrində Qarabağ müharibəsi haqqında həqiqətlərdən danışılanda ilk olaraq gözlərimin önünə Yurdunu təmənnasız sevən, bu yolda şəhid olan, yaralanan vətəndaşlarımız gəlir.
Babalarımız, “Yurdu sevmək imandadandır” demişlər. Bəli, Yurd sevgisi qəhrəmanlıqdan, imandan və vicdandan doğan bir yaşantıdır. Yurd sevgisi ana südü kimi pak, torpaq kimi təmənnasız, göy üzü kimi dərin olanda ilahiləşir, əbədiləşir, qan və genetik yaddaşa keçərək gələcəyə işıq saçır. Bu gün sizi belə işıqlı, gülərüz, igid adamlardan biri, Qarabağ qazisı, “Baba” ləqəbli Bəhruz Həmidovla tanış edəcəyik.Xaçmaz rayonunun Bostançı kəndində və ətraf kəndlərdə Bəhruz kişini tanımayan yoxdur. Çünki Bəhruz kişi Dövlətinə bağlı, zəhmətkeş, halal, xeyirə -şərə yarayan adamdır. Bu yaxınlarda Bəhruz kişiyə zəng etdik.
- Salam, Bəhruz kişi. Necəsən, nə var, nə yox? Sizə gəlmək istəyirəm, vaxtın varmı?
- Axşamüstü mal-qaranı örüşdən gətirəndən sonra gələrsən, əmoğlu. Xeyirdirmi?
- Xeyirdir, Bəhruz kişi, səndən yazı yazacağam.
- Yaxşı, əmoğlu, gözləyəcəyəm.
Kənd yerlərində həyat həmişə qaynasa da günün axşamüstüsü çox maraqlı olur. Kəndə girən naxır və qoyun sürüləri, körpə quzuların, buzovların səs-küyü, şıltaqlığı bir canlanma yaradır. Bir az vaxt keçəndən sonra hər şey qaydasına düşür. Kənddə axşamın sakitliyi və sərinliyi başlayır.
Bəhruz kişi məni qapıda qarşıladı. “Gəl, ay əmoğlu, gəl”, deyib qucaqladı. Təzə və səliqəli evin yay balkonunda pürrəngi çay içə-içə söhbətə başladıq.
- Danış görək, Bəhruz kişi, necəsən, nə işlə məşğulsan, yaraların incitmir ki?
- Yaxşıyam, əmoğlu. Kənddə öz kəndçiliyimlə məşğulam. Taxıl əkirəm, mal-qara saxlayıram. Dövlətimiz də Qarabağ qazisi olduğum üçün təqaüd verir. Şükürlər olsun, oğullarım işləyir, nə isə lazım olanda kömək edirlər. Yaralarım da hərdən sızıldayır.
- Eşitdim ki, Lələtəpə döyüşlərində yenidən cəbhəyə getmək istəmisən.
Bəhruz kişinin çay süzən həyat yoldaşı mənim bu sualımı eşidib, “hə, Aqşin qardaş, gedirdi, güclə saxlamışıq”, deyə söhbətə müdaxilə etdi.
Bəhruz kişi,gülümsədi:
- Aprel döyüşlərində kiçik oğlum Saleh Lələtəpə cəbhəsində vuruşurdu. İstədim ki, gedim, oğlumla çiyin-çiyinə vuruşum. Bütün qohum-qardaş üstümə düşdü ki, getmə, 2-ci qrup müharibə əlilisən, səni oralara buraxmayacaqlar. Sonra fikirləşdim ki, indi nə 90-cı illər deyil, nə də ordumuzun mənim kimi başında qəlpə gəzdirən adama ehtiyacı yoxdur. Getmədim. Oğlum da Lələtəpə uğrunda döyüşlərdən sonra əsgəri xidmətini bitirib evimizə döndü.
- Bəhruz kişi, kənddə vəziyyət necədir? Bəziləri yazır ki, kəndlərdə aclıqdır. Doğrudan elədir, yoxsa yox?
- Mən bütün ömrümü bu kənddə yaşamışam. Nə bu kənddə, nə də ətraf kəndlərdə bir aclıq çəkən kəndliyə rast gəlməmişəm. Tənbəl elə hər yerdə tənbəldir. Dövlət kəndliyə torpaq verib ki, ək, becər, özünü dolandır, artığını da bazarda sat, rifahını yaxşılaşdır. Üstəlik gübrə də verir, texnika da verir, hər hektar əkilən torpağa görə pul da verir. Yaxşı, bundan artıq kəndli üçün nə etmək olar? Kəndə qaz çəkilib, təzə məktəb tikilib. İnternetimiz, ev telefonlarımız, feldşer məntəqəmiz, klubumuz var. İşləmək və qazanmaq üçün hər cür şərait yaradılıb. İnkişaf göz qabağındadır. 50 il bundan öncə bu boyda kənddə 5-6 şəxsi minik maşını vardısa, indi hər qapıda bir, ya da iki avtomobil var. Hər hansı bir problemin olanda gedib dərdini deməyə yer də var. İcra başçısı kəndlilərlə tez-tez səyyar görüşlər keçirir. Hər hansı bir problemin olanda gedib dərdini deyə bilirsən. Bundan əlavə ərazimizin icra nümayəndəsi Abdulla müəllim, Bostançı Bələdiyyəsinin başçısı Nasib müəllim daim kəndlilələrlə bir yerdədir, gücləri çatan hər hansı problemi həll etməyə çalşırlar. Kənd insanı həmişə hiss edir ki, dövləti onun yanındadır.
Bəhruz kişi nəvəsini qucağına alıb öpdükcə körpə gülümsəyir.
- Böyük oğlumun balasıdır. Atası şəhərdə mühafizədə işləyir.
- Allah saxlasın. Övladlarınızdan razısınızmi?
- Əlbəttə razıyam. Mən oğullarımı vətənpərvər ruhda böyütmüşəm. Əgər Ali Baş Komandan əmr versə, başda özüm olmaqla oğullarımı da götürüb müharibəyə getməyə hazıram. Böyük oğlum Bakıda mühafizə sistemində işləyir. Ortancıl oğlum ARDNŞ-də mühəndisdir. Kiçik oğlum rayonumuzda polis sıralarındadır. Mən sadə kəndli babayam. Amma özüm də, övladlarım da dövlət rəhbərimiz cənab İlham Əliyevin əmrinə müntəzir əsgərləriyik.
- Bəhruz kişi, Birinci Qarabağ savaşında başından yaralanmısan. Bu hadisəni danışa bilərsənmi?
- Ağdam rayonunun Sarıcalı kəndinin müdafiəsində yaralanaraq kontuziya almişam. Yadımdadır, iki tərəf də böyük itkilər vermişdi. Amma ermənilər Sarıcalını işğal edə bilməmişdi. Bizim qonşu Dədəli kəndindən mənimlə bir yerdə vuruşan dostum Rəhman Mövlanov məni atışmanın içindən çıxardı. Bakıda hospitalda müalicə aldıqdan sonra yenidən cəbhəyə qayıtmaq istədim. Artıq atəşkəs müqaviləsi bağlanmışdı. Amma yüz faiz əminəm ki, hələ müharibə bitməyib! Ali Baş Komandanımızın əmrini gözləyən milyonlarla vətəndaşımız hər an torpaqlarımızı azad etməyə hazırdır! Allah dövlətimizi qorusun!
Bu yazını yazmaqda məqsədim sadə bir Azərbaycan vətəndaşının, qazinin həyat tərzini, Yurd sevgisini, ailə xoşbəxliyini və ənənəsini qələmə almaq idi. Bir həqiqəti dəqiq bilirəm ki, yurdunu, millətini, dövlətini, bayrağını səmimi, təmənnasız sevən kəslərin sevgisini tərənnüm etməyə həmişə qələm aciz qalıb. Çünki belə sevginin ölçüsü, rəsmi, yazısı, rəngi olmur. Bu sevginin sadəcə bir adı var: Yurd sevgisi!
Aqşin Dadaşoğlu, neftçi-şair