“Azəriqaz” İB-dən bu barədə açıqlama verilib
“Azəriqaz”dan Qaziler.az-a bildirilib ki, bu günlərdə “Azəriqaz” İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) mərkəzi rayonlar üzrə Texniki istismar xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingəri, 2-ci qrup Qarabağ əlili Əhməd Fazil oğlu Rəhmanov əmək haqqının düzgün hesablanmaması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə şikayət ərizəsi ilə müraciət etmişdir.Bununla əlaqədar olaraq “Azəriqaz” İB tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, həqiqətən də Ə.Rəhimovun əmək haqqı hesablanarkən səhvə yol verilmişdir. Ə.Rəhimova münasibətdə pozulmuş sosial ədalətin ən qısa müddətdə bərpa olunması, hesablamada səhvə yol vermiş məsul şəxslərin müəyyən edilərək əmək qanunvericiliyi daxilində intizam məsuliyyətinə cəlb edilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə zəruri tədbirlərin görülməsi barədə birliyin rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilmişdir.