“RƏVAN” SIĞORTA ŞİRKƏTİ MÜHARİBƏ ƏLİLİNİ DİABETİK EDİB “Rəvan” Sığorta Şirkətinin Qarabağ savaşı əlili, xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsi ağ ciyərinin üçdən ikisini aparan Xaliq Abbaszadədən saxta defekt aktı tərtib edərək, 3 “əlil avtomobili”nin pulunu - 9 min manat tələb etməsindən yazmışdıq.
Əlilin qarşılıqlı iddiasının Suraxanı məhkəməsində qəbul edilməsindən sonra ilkin iddianı qaldıran şirkət məhkəmədən yayındı və iş baxılmamış saxlanıldı. Bir neçə gün öncə Qarabağ əlili “Rəvan” Sığorta Şirkətinin idarə heyətinin sədri Fərhad Aslanovun imzası ilə məsələni araşdırmağa dəvət məktubu alıb və şirkətin Nərimanov rayonundakı ofisinə gedəndə sədrin onu dəvət etmədiyi və qəbul etməyəcəyini bildiriblər.Təzyiqlərdən, hədə-qorxudan şəkər xətəliyinə də tutulan əlil xüsusi ittiham qaydasında sədrə qarşı Nərimanov məhkəməsinə şikayət verib və mülki iddia da qaldırıb. Məhkəmə hazırlıq iclası mayın 14-ünə təyin olunub. “Rəvan” Sığorta Şirkəti isə qanunvericiliyin tələbini yenidən kobud pozaraq köhnə tarixə bu dəfə Sabunçu məhkəməsində əlilə qarşı iddia ərizəsini qəbul etdirib. Hakim Gültəkin Əsədova hazırlıq iclasını 22.05.2015-ə təyin edib. Yəni bu tarixlərdən də ilkin iddianın Qarabağ əlilinin Nərimanov məhkəməsinə təqdim etdiyi bəlli olur.
Belə çıxır, “Rəvan” Sığorta Şirkəti Sabunçu rayon məhkəməsinə yalan məlumat verib. Mülki Prosessual Məcəllənin 153.2.4 maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu maddəni əsas tutub sözügedən məhkəməyə və bağlantılı qurumlara müraciət edən əlil şirkətin qanunsuzluqlarına məhkəmə qaydasında son qoymaqda israrlıdır.
P.S.Qarabağ əlilləri “Rəvan” Sığorta Şirkətinin qarşısında etiraz aksiyası keçirmək üçün BŞİH-ə müraciət edib, əlillərin intihara sürüklənməsinə görə tədbir görülməsini dövlət qurumlarından tələb edəcəklər.
M.Ağsu