Palçıq vulkanlarının yaxınlığında nəinki ev tikmək, heç bir təsərrüfat işləri aparmağa da icazə verilmir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfində aparılan tədqiqatlar nəticəsində son 200 il ərazində Azərbaycanda qeydə alınan vulkan püskürmələrinin sayı məlum olub.
Qaziler.az xəbər verir ki, Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev APA-ya açıqlamasında deyib ki, son 200 il ərzində, 1810-cu ildən 2014-cü ilə kimi bugünə kimi Azərbaycanda 93 vulkanda 405 püskürmə qeydə alınıb.Palçıq vulkanlarının sayının çox olduğunu deyən A.Əliyev qeyd edib ki, quruda 350, dənizdə isə 130 sualtı palçıq vulkanı var: “Sualtı palçıq vulkanlarının hamısı haqqında məlumat almaq çətindir. Onlar müxtəlif dərinlikdə yerləşdiyindən nə vaxt püskürməsi, nə vaxt gücləndiyini izləyə bilmirik. Amma quruda olan vulkanlardan tam məlumatımız var. Belə ki, 1810-cu ildən bu günə kimi 93 vulkanda 405 püskürmə baş verib”.
Şöbə müdiri vulkanlara yaxın ərazidə evlərin tikilməsinin təhlükəli olduğunu bir daha xatırladıb. Onun sözlərinə görə, tikintilər vulkandan heç olmasa 1-1.5 km kənarda aparılmalıdır. A.Əliyev əlavə edib ki, artıq ölkə rəhbərliyinin sərəncamına əsasən palçıq vulkanlarının yaxınlığında nəinki ev tikmək, heç bir təsərrüfat işləri aparmağa icazə verilmir. Çünki vulkan püskürəndə yaxınlıqdakı ərazilərdə kimsə xəsarət ala bilər, həmçinin bu, evlərdə çatların əmələ gəlməsinə, fəsadların yaranmasına səbəb olur.