“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib

“Yüzilliyin marşı” sənədli filminin təqdimatı keçirilib backend

Media İnkişaf Mərkəzi İctimai Birliyi “Yüzilliyin marşı” sənədli filminin təqdimatını keçirib. Film, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ““Yüzilliyin marşı” sənədli filminin hazırlanması” layihəsi çərçivəsində ərsəyə gətirilib.

Media İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Qabil Abbasoğlu çıxışında bildirib ki, film Azərbaycanda ordu quruculuğunun və hərb ənənələrimizin tarixindən bəhs edir. Həmçinin filmdə Azərbaycan ordusunun müasir qüdrətindən, ölkəmizin yetişdirdiyi hərbi şəxsiyyətlərin həyatından, cəmiyyətdə orduya sağlam münasibətin möhkəmlənməsi istiqamətində görülən işlərdən söz açılır.

Azərbaycan Silahlı Qüvvələrinin tarixindən danışan Q.Abbasoğlu bildirib ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi mühüm tədbirlərdən biri də Milli Ordunun təşkili idi:“Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da,Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonraölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət aldı”.

MİM sədri daha sonra qeyd edib ki, AzərbaycanınNATO ilə sıx əməkdaşlığı ordu quruculuğunun təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edir, ən son hərb yeniliklərini mənimsəyirlər.

Q.Abbasoğlu deyib ki, Azərbaycan ordusunun bu şanlı tarixinin ictimaiyyət, xüsusilə gənclər arasında təbliğinə ehtiyac var. Ermənistanın torpaqlarımızı işğal altında saxladığı son illərdə ordu mövzusu və hərbi vətənpərvərlik ideyası, şübhəsiz, ictimai əhəmiyyət daşıyır. Bu baxımdan, ordu mövzusunu və hərbi vətənpərvərlik ideyasını əks etdirən görsəl materialların, əyani vəsaitlərin çoxluğu zəruridir.

Filmin nümayişindən sonra müzakirələr başlayıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli bildirib ki, bu filmin cəmiyyətimizin hər bir üzvü üçün böyük əhəmiyyəti var: “Hazırda Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi, təkmilləşdirilməsi və döyüş hazırlığının artırılması istiqamətində böyük işlər görülür. Ancaq tarixi aspekti unutmamalıyıq. Belə filmlər lazımdır ki, gənclər də baxıb maariflənsin. Az maliyyə ilə belə bir film hazırlamaq özü ciddi əmək tələb edir. Bu cür işlər təkcə maliyyə ilə başa gəlmir, burada vətənə olan sevgi də ciddi rol oynayır”.

Filmin ssenari müəllifi İlham Tumas isə filmin necə ərsəyə gəlməsindən danışıb:

“Azərbaycanda, xüsusilə də tarixi mövzuda sənədli filmlər hazırlamaq çətindir. Çünki yeni görüntülər yoxdur. Lakin buna baxmayaraq, əlimizdə olan mənbələrdən bəhrələnərək, həmçinin ekspertlərin və hərbçilərin fikirlərindən bəhrələnməklə, bu filmin ciddi material kimi ərsəyə gəlməsinə çalışdıq və məncə, buna nail olunub. Düşünürəm ki maraqlı film alınıb”.

Qarabağ qazisi, “qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu çıxışında qeyd edib ki, bu cür vətənpərvərlik mövzusunda materialların hazırlanması üçün daha artıq maliyyə vəsaiti ayrılmalıdır. O, QHT-lərə Dövlət Dəstəyi Şurasının son illərdə hərbi-vətənpərvərlik mövzusuna diqqət ayırması təqdirəlayiq hadisədir: “Bununla yanaşı, ordumuzun, Qarabağın, digər itirilmiş torpaqlarımızın tarixinə aid materialların hazırlanmasına, bu istiqamətdə olan layihələrə daha çox vəsait ayrılsa, görülən işlər də daha effektiv olar”.

R.Kərimoğlu bildirib ki, aprel döyüşlərində iştirak etmiş hərbçilərin filmdə yer alması materialın daha uğurlu alınmasına xidmət edib: “Düşünürəm ki, filmdə iştirak edənlər o hadisənin mahiyyətini yetərincə cəmiyyətə çatdıra biliblər”.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal nitqində Azərbaycan dövlətçiliyinin və ordusunun tarixindən söz açıb: “Keçdiyimiz yüzillik Azərbaycan xalqının cümhuriyyətin varisi olduğunu, həm də onların qurucularına sadiq qaldığını göstərir. Azərbaycan Xalq Cümhuriyyəti modern dövlət quruluşu kimi türk dünyasında modeldir və az müddətdə yaşamasına baxmayaraq hər bir dövlət üçün örnək olub. Həmçinin, Azərbaycan ordusunun formalaşması istiqamətində atılan addımlar, Qarabağda erməni işğalına qarşı aparılan döyüşlər yüz il əvvəlki hadisələrin bugünkü müstəqilliyimiz üçün ciddi zəmin yaratdığını bir daha təsdiqləyir”.

Aqil Camal qeyd edib ki, bu cür filmlər, qısa metrajlı olsa da, sosial şəbəkələr vasitəsi ilə daha çox tamaşaçıya, xüsusilə də gənclərə çatdırılmalıdır.

Tədbir müzakirələrlə davam etdirilib.
Diaspora