Saçları dən-dən ağarıb. Orta boylu, sakit təbiətli, incə xanımdır.
Böyük mağazasında özü oturduğu stulu elə quraşdırıb ki, satdığı və ya kirayə verdiyi gəlinlik libası ondan arxada qalır. Ora gələn müştərilərlə müştərinin onunla danışdığı tərzdə danışır.Üzündən bəllidir ki, gənclikdə yaşadığı şəhərin ən gözəl qızlarından olub,həm də varlı ailənin tərbiyəsin alıb. Necə deyərlər, görüb ,götürüb...
Mağazaya girib geyimlərə baxıram. Bir-birindən gözəl gəlinliklər , dəbdəbəli mağaza, sakit və xoş aura... Adam özünü hüzur içində hiss edir.
Qeyd kitabına nəsə yazan xanım kitabına baxa-baxa dilləndi:
- Oğul, deyəsən tək gəlməkdə sürpriz edəcəksən?
- Xeyr, alıcı deyiləm. Sadəcə mallara baxıram.
O üzümə baxıb:
-İlk dəfədir ki,biri bura girib mallara baxıb alıcı olmadığını deyir.
- Əslində, bura gəlməkdə başqa marağım var.
O, əlimdəki qələmini kitabın içinə qoyub, kitabı bağlayıb ayağa qalxdı. Bir az acıqlı tonda başladı:
- Hardan gəlmisən?! Vergidən, yoxsa fövqaladədən?!... Bütün sənədlərim düzdür. Yox ,əgər jurnalistsənsə gəl bura , mən heç kimi əliboş yola salmıram. Beş-on manat verim yeri, çıx get burdan! - deyib, əlini stolun üstündə içi diabetli xəstələr üçün məsləhət görülən konfetlərlə dolu olan qənddanın yanındakı pul qabısına uzatdı. Ölüb yerə girdim. Xəcalət təri kurəyimdən süzülə-süzülə "jurnalistəm" deyib qapı-qapı sülənən dilənçiləri söydüm. Adamın üzünə məcburən gülümsünməyə başladım və ona: - Mən mətbuatda işləyirəm. Reportyor və blogger fəaliyyəti ilə məşğulam. Amma siz deyən o dilənçilərdən deyiləm. Məni bura leytenant Əliyev göndərib. O mənim yaxın dostumdur. Səhv etmirəmsə sizin bacınız oğludur. Ön cəbhədə xidmət edir. Əslində mən alıcıyam. Kiçik qardaşın üçün gəlinliklərə baxıb qiymətlərlə maraqlanmaq istəyirəm.
Leytenant Əliyev mənə xalası haqqında hər şeyi danışıb. Sadəcə mən Əliyevin dediklərini müsahibin öz dilindən eşitmək istəyirəm. Ona görə də özümü elə aparıram ki, guya heç nə bilmirəm. Xülasə, onunla gəlinliklərə baxdıq. Ən son gələn gəlinlikləri göstərib məlumat verdi. Ona gəlinliklərin gözəl, lakin qiymətinin çox baha olduğunu deyəndə ,o ,mənə: - Oğul, əgər qardaşın hərbiçidirsə mən sənə 70 faiz güzəştlə sata bilərəm - deyib, gülümsədi.
Həəə... Mən artıq söhbəti açacaq mövzu tapmışam. Bu mənim ustalığımdır. Amma o ustalığı lənətə gəlsin ki ,hər dəfə onun köməyi ilə ürəklərə kədər yükləyirəm. Xanımın gözlərinin içinə baxıb sual verdim: - Niyə hərbçilərə bu qədər güzəşt edirsiniz?
- Bu mənim şəxsi biznesimdi, özüm bilərəm.
- Məncə bir məntiqi var bunun...
- Məntiq odur ki, onlar ön cəbhədə bizi qoruyurlar. Onların sevgilisinə gəlinlik seçmə ehtimalı 30 faizdir. Yəni ölüm ehtimalları olan 70 faizi mən onlara güzəşt edirəm. Əlimdən bu gəlir. - Ona bir az da yaxınlaşıb: - Olarmı, söhbətimizin davamında sizə bacı deyim?
Adamın gözləri yaşardı. İlk dəfə görürdüm ki ,hüznlə sevinc bir gözün içindən adama baxır.
- Əlbəttə, olar. Oldun mənim balaca qardaşım. - deyib, gülümsündü.
- Çox təşəkkür edirəm, sağ olun.
Onun hər şeyi danışmayacağından çox narahatam. Amma bütün vasitələrdən istifadə edib danışdırmağa məcburam adamı. Növbəti sualı verməyə hazırlaşırdım ki mağazaya müştəri gəldi. O ,elektron çaydanı işə salıb müştərilərlə məşğul olmağa başladı. Alıcılar imkanlı ailədən olan cütlükdür. Bir təhər bir şey seçib beh verib getdilər. O isə iki stəkan çay hazırlayıb öz yerini mənə təklif etdi. Etiraz etdim. Bundan sonra özü də orda oturmadı. Keçib başqa kapron stulda mənimlə üzbəüz oturdu. Və dialoq başladı:
- Bacı, əgər sirr deyilsə , bilmək istəyirəm, niyə bu biznesi seçmisiniz?
- Mən elə biznes seçmişəm ki,qızlar ən ülvi hisslərini mənim yanımda yaşayır.
- Elə olubmu hədiyyə etmisiniz? - Düşünür, bir az tərəddüd hiss olunsa da o danışmağa başladı: - Qardaş, yanıma məzuniyyətə olan əsgər gəlmişdi. Tərtərdə Seysulan istiqamətində xidmət edirdi. Xaraba qalan oralar keçmiş Ağdərə tərəflərdi. Məzuniyyətə gəlib deyə nişanlısın götürüb gətirib bura. Əsgərə söz verdim ki ,sağ-salamat gəl, o zamana qədər daha gözəl modellər olacaq və mən də həmin gəlinliyi sənə hədiyyə edəcəm. O ,da xidmətini bitirib gəldi. Qız 4000 manatlıq gəlinliyi bəyəndi. Mən də bir dəfəlik halal xoş elədim. - Xəyala dalır...
-Bacı, niyə məhz əsgərə hədiyyə etdin.
- O əsgərin yanında olan gözəl qız mənə məni xatırlatdı.
- Necə yəni?
- Xahiş edirəm, bu məndə qalsın. Soruşmayın...
- Axı mən sizə bacı dedim. Ürəyim qızdı sizə. İstəyirəm içindəki sirri görk edəsən.
- Məzuniyyətə gəlmişdi. Hələ müharibə təzəcə özün göstərirdiyi illəriydi. Öz qohumum olduğu üçün evdəkilər heç nə başa düşmürdü. İnstitutun qarşısından məni götürüb getdi. Ondan hara getdiyimizi soruşanda - "Gəlinlik zakaz verəcəyik" - dedi. İstədim etiraz edim. Amma cəbhədən gəldiyi üçün qəlbinə dəymədim. Gəlinlik mağazasına girəndə isə çox sevindim. Elə bil tanrı bütün xoşbəxtliyi həmin gün vermişdi mənə. Bir təhər ortaq məxrəcə gəlib birni seçdik. Sevincdən gözlərim dolmuşdu. Burnumu çiyninə söykəyib ciyər dolusu kazarmadan gətirdiyi qoxusunu ciyərimə çəkdim. Üzümə baxıb: -Nədi, deyəsən çox darıxmısan? - dedi. Ona: - Ümid , sənə qurban olum, getmə. Qoy tutsunlar səni. Amma getmə... - deyib, ağladım.
O cavabında: - Yaxşı, getmirəm,qoy tutsunlar. Türmədən çıxım evlənək. Amma sən bizim evdən çıxıb işə gedəndə küçədəki şəhid arvadlarıynan nətər üz-üzə gələssən?! Deyə biləssənmi qorxağın arvadıyam?! Onun kinli baxışlarına xəcalət baxışınla cavab verə biləcəksənmi? Canımın canı, əgər bu gün Vətəni qoruya bilmirəmsə sabah da səni qoruya bilməyəcəm. Məni gözlə... Oldumu? - dedi. O hər şeyi elə gözəl anlatdı ki,cəbhəyə getməsinə heç bir etiraz edə bilmədim. Ona onu son nəfəsimə qədər gozləyəcəyimi dedim.
- Bəs sonra?
- Getdiyi gündən 20 gün sonra xaraba qalmış Ağdərə tərəfdə gedən döyüşlərin birində itkin düşdü. Hər yerə haray saldılar. Amma nə öldü deyən var , nə qaldı... Atası xəstə düşdü. Can üstə olsa da ölmürdü. Onun gödəkçəsini kişinin üstünə sərdilər. Qoxlayandan sonra canını tapşırdı. Anası isə kor olub.
- Bacı, deməli...
- Hə qardaş... Düz təxmin eləmisən. Onu ölən günə qədər gəlinlik mağazasında gözləmək qərarına gəldim. Və son nəfəsimə qədər də burada gözləyəcəm.
- Ən böyük təsəllim onun adını daşıyan leytenant dostun Ümiddir. Atamgil heç kimlə ailə qurmayacağım barədə qərarıma hörmətlə yanaşıb məni qəbul etdi. Ondan sonra böyük bacımın sonbeşiyini himayəmə götürüb ona Ümidin - Ümidimin adını qoydum. Hərbçi, qisasçı, Ümid kimi Vətənə bağlı Ümid elədim onu...
- Bəs əgər... - Sözümü kəsib dilləndi: - O gəlməsə demək ki, cismən ölüb. Mən ona gedəcəyəm. Magazamın ən müqəddəs gəlinliyi ilə ona gedəcəyəm. Baaax... Ordadı. Şüşənin içində. Müştərilər elə bilir ki, bu sadəcə keçmişdən bir eksponatdır. Xeyr... Onun seçdiyi dondur. Gedib alıb saxlayıram. Öləndə vəsiyyətim bax onunla dəfn olunmaqdır.