İqtisadiyyat və Sənaye Nazirliyindən QAZİLER.AZ-a verilən məlumata görə, iyunun 1-də Bakı Biznes Mərkəzində London şəhərinin Lord meri Alderman Alan Yarrounun Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Böyük Britaniya işgüzar görüşü keçirilmişdir. Tədbirdə rəsmi şəxslərlə yanaşı, xidmət, bank, maliyyə, sığorta və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişlər.
İşgüzar görüşdə İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulamışdır.Azərbaycan və Böyük Britaniya iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Böyük Britaniya şirkətləri Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə fəal iştirak edir, qeyri-neft sektoruna investisiya yatıran əsas ölkələrdəndir. Azərbaycanlı gənclər “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində, o cümlədən Böyük Britaniya universitetlərində təhsil alırlar. Nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırmış, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd etmişdir.
Bildirilmişdir ki, Böyük Britaniya nümayəndə heyətinin Azərbaycana bu səfəri də ölkələrimiz arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəkdir. Azərbaycan və Böyük Britaniya arasında Hökumətlərarası Komissiyanın yaradılmasının ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə də iqtisadi əlaqələrin inkişafında, qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasında əhəmiyyətli olacağı vurğulanmış, hazırda komissiyanın tərkibinin formalaşdırılması istiqamətində işlərin aparıldığı qeyd edilmişdir.
Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə makroiqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin olunduğunu, ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını bildirmişdir.
London şəhərinin Lord meri Alderman Alan Yarrou Azərbaycana səfərindən məmnunluğunu bildirmiş, Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin uğurla davam etdiyini, qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd etmişdir. Cənab Alderman Alan Yarrou Azərbaycanın müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyatın diversifikasiyası sahəsində əldə etdiyi uğurları müsbət qiymətləndirmişdir.
İşgüzar görüş çərçivəsində maliyyə bazarı, investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.
Sonra AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatına, ölkəmizin biznes və investisiya mühitinə dair təqdimatla çıxış etmiş, Böyük Britaniya şirkətləri isə fəaliyyətləri barədə məlumat vermişlər.