Türk milləti üzərində yaşadığı torpaq uğrundan canından keçməyə hər zaman hazır olmuş, babalarımızdan bizə miras qalan vətənin yadelli işğalından mübarizəsi zamanı hər şeyi gözə almış, bu yolda qazilərimizin qanları tökülmüş, xalqımız şəhidlər vermişdir.
Birinci Qarabağ müharibəsi dövründə göstərilmiş qəhrəmanlığın bir çox nümunəsini xatırlaya bilərik.
Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” ictimai birliyinin sədri Etimad Əsədovun şərəfli ömür yolu qazilik, şəhidliyə gedən yoldur. 1963-cü ilin 20 dekabrında Ağdam rayonunun Paprəvənd kəndində anadan olan Əsədov Ehtimad Savalan oğlu 1970-1980-ci illərdə həmin kəndin orta məktəbini bitirmiş, 1982-1984-cü illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Əsədov Ehtimad Qarabağ müharibəsi başladığı dövrə qədər Rusiyada müxtəlif işlərdə çalışmışdır. O, erməni işğalçılarının vətənimizə qarşı başlatdığı elan olunmamış müharibədə iştirak etmək üçün Rusiyadan vətənə qayıdır. 1991-ci ildə Azərbaycana qayıdan Əsədov Ehtimad nankor yağılara qarşı döyüşmək məqsədilə birbaşa cəbhəyə yollanır. Bu dövrdə Ağdamda yaradılan Ağdam Ərazi Özünümüdafiə batalyonunun tərkibində düşmənə qarşı aparılan mübarizədə Ehtimad Əsədov mərd və cəsur döyüşçü kimi tanınır. Lakin yaralanıb qazilik mərtəbəsinə yüksəlmək onun da alnına yazılmışdı. Ehtimad Əsədov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanır və bir ayağını itirir.
Vətənini dərin məhəbbətlə sevən Etimad Əsədov yaralandıqdan sonra qazi kimi ictimai fəaliyyətini davam etdirirdi. O, 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri vəzifəsini layiqincə yerinə yetirdi. Özündən sonra iki övladı yadigar qalan Etimad Əsədov 55 yaşında 16 oktyabr 2018-ci ildə uzun müddət əziyyət çəkdiyi ağciyər xərçəngindən vəfat etdi. Vəsiyyətinə uyğun olaraq Azərbaycanın dövlət himnin sədaları altında "Fatmayı" qəbiristanlığında canından çox sevdiyi torpağa tapşırıldı. Qazilikdən şəhidliyə yüksəldi.
Dövlətin müstəqilliyi, millətin suverenliyi yolunda aparılan hərəkata qatılaraq canını ortaya qoyub, yaralanaraq sağ qalan insan qazi, bu yolda əcəllə qucaqlaşan insan şəhid adlanır. Qəhrəmanlıq qürur, cəsarət, qətiyyət, fədakarlıq yerinə yetirmək qabiliyyəti ilə xarakterizə olunur. Şəhidlik və qazilik mərtəbəsinə ucalan inasanlar həyatını ortaya qoymuş, qanı ilə qəhrəmanlıq yazmışdır. İnsanlar həyatları boyunca çalışaraq bir çox titul əldə edə bilərlər və edirlər. Ancaq şəhidlik və qazilik titulunun digərlərindən əhəmiyyətli bir fərqi vardır və ülvi dəyərə malik olan şəhidlik və qazilik mərtəbəsi türk-islam kültürünün ayrılmaz atributudur.
İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”in bir çox ayəsində və bir çox hədisdə şəhidlik və qazilik anlayışları barədə müfəssəl məlumat verilmişdir. Müqəddəs kitabın “Bəqərə” surəsinin 154-cü ayəsində bu barədə deyilir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz". Bununla yanaşı, “Qurani-Kərim”in Ali-İmran surəsinin 169-170-ci ayələrində də bu məsələyə ətraflı şəkildə toxunulmuşdur: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”
“Qurani-Kərim”dən göstərdiyim bu misallarla yanaşı hədislərdə də Məhəmməd peyğəmbərin şəhidlik və qazilik barədə söylədiyi yüksək fikirlərə rast gəlmək olar. Peyğəmbərin şəhidlik və qaziliyin fəzilətləri haqqındakı söylədiyi fikirlər qaziliyin dəyərini artırmış və "ölsəm şəhid, qalsam qazi" şüarının ortaya çıxmasına vəsilə olmuşdur. Şəhidlik və qazilik mərtəbəsinə yüksələn insanların cənnətlə müjdələnməsi türk-islam ordularının ən böyük ilham mənbəyi olmuşdur. Torpaq uğrunda ölən varsa vətəndir. Şəhidliyin mübarək, igid Azərbaycan əsgəri!
Calal Kəngərli