“Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasovun 240 minlik evi əlindən alınıb.
Musavat.com bildirir ki, bu barədə özü “İnstagram” səhifəsində məlumat paylaşıb. Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız M.Abbasovla əlaqə saxlayıb. M.Abbasov başına gələnləri bu cür izah edib:“2013-cü ildə Həsənova Gülrux Sənan qızından ev almışam. 2016-cı ildə məni Yasamal Məhkəməsinə çağırdılar ki, bəs bu ev 2009-ci ildən məhkəmələrdədir. Belə ki, Gülrux Həsənovanın xalası Nehriban Həsənova var. Sən demə, xalasının əri həmin evi Gülruxa alıb. 2008-ci ildə M.Həsənovanın əri Fərrux Həsənov öldükdən sonra arvad bacısı qızına deyib ki, əri o evi aldığı üçün ev ona məxsusdur. Buna görə G.Həsənovanı məhkəməyə verib. 2013-cü ildə məhkəmə G.Həsənovanın xeyrinə qərar çıxardıqdan sonra o, evi mənə satıb. Bütün bu prosesdən mənim xəbərim olmayıb, yoxsa evi almazdım.
Beləliklə, evi aldıqdan sonra xala və bacıqızı arasında məhkəmə davası davam edib. M.Həsənova daha sonra evin sahibi kimi məni məhkəməyə verib və bildirib ki, evin sənədləri saxtalaşdırılaraq mənə satılıb. Lakin Yasamal Məhkəməsi mənim hüquqlarımı tanıyaraq, xeyrimə qərar çıxartdı ki, evi qanuni şəkildə aldığım üçün mənə məxsusdur. Lakin məhkəmənin qərarında iki ay keçməmiş qarşı tərəf məni Apellyasiya Məhkəməsinə verdi”.
Müşfiq Abbasova bildirib ki, məhkəmə 15 dəqiqəlik prosesdən sonra evin olunun əlindən alınmasına qərar verib:
“Təsəvvür edin ki, 15 dəqiqəlik qərarla sənin 15 il əziyyət çəkərək aldığın ev əlindən alınır. Halbuki mənim evimin alqı-satqı məsələsi notarisuda aparılıb və Dövlət Əmlak Komitəsinin verdiyi çıxarış var. Lakin Apellyasiya Məhkəməsinin qərarına görə həm notariusda aparılan alqı-satqı da, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarış da saxtadır. Bu, tamamilə absurddur. Belə çıxır ki, dövlətin rəsmi orqanlarının verdiyi sənəd bu cür sonradan saxta çıxa bilər? Bu məntiqlə hər kəsin evi saxta ola bilər”
Müşfiq Abbasova məsələ ilə bağlı Ali Məhkəməyə və digər instansiyalara müraciət edəcəyini də bildirib:
“İnanıram ki, sonda ədalətli qərar veriləcək və dövlətin özünün verdiyi sənədin heç bir halda saxta ola bilməz deyə sübut olunacaq”.
“Yeni Müsavat”