Dövrümüzün Əliağa Vahidi Aydın Canıyevə

Dövrümüzün Əliağa Vahidi Aydın Canıyevə backend

Aydın bəy, son günlər sizinlə bağlı oxuduğum bəzi təhqirlərə, şər-böhtanlara görə çox üzüldüm.

Sizi Azərbaycanda yaşadığım 30 il ərzində daim izlədiyim, fikirlərini bölüşdüyüm, qələminə heç vaxt xəyanət etməyən, öz dəsti-xətti olan, özündən başqa heç kimə ziyan verməyən, dürüst, səmimi bir jurnalist kimi tanımışam. Bu gün hər şeyin alınıb-satıldığı bir vaxtda, xüsusilə jurnalistikada olan alver dövrü sizin kimisinin qalması çoxlarını gözükölgəli edir. Onlar sizi məhz buna görə sevmirlər demirəm, nifrət edirlər, çünki müqayisədə nə qədər rəzil olduqlarını hamıdan yaxşı bilirlər. Haqqında olan təhqirləri, böhtanları da bilərkdən tirajlayırlar. Əminəm ki, bir vaxtlar tək talış xalqı yox, Azərbaycan xalqı indi Əliağa Vahid haqqında dediklərini sənin də haqqında deyəcəklər. Ona görə üzülməməyi, fikir verməməyi məsləhət bilirəm. Hərçənd ki, səmimi insan üçün bunun nə qədər çətin olduğunu bilirəm. Onsuz da Azərbaycanda sağ ikən heç bir istedada, dürüst, səmimi insana qiymət verməyiblər. Elə ona görə də bu gündəyik.

İkinci xahişim ondan ibarətdir ki, sənə qarşı duranların dili ilə cavab vermə. Sən öz əxlaqını, sənətini, mənliyini qoru. Şər-böhtan bilməyən, əxlaq sahibi olan insan üçün bunun da çox çətin olduğunu bilirəm. Özüm də bəzən haqqımda yazılanlara görə yalan yazanın əslini-nəslini .............. deməkdən özümü zorla saxlayıram, çünki onların əsli - nəsli yoxdur. Bir də kiminsə tapşırığı, hansısa maraq üçün yalan yazana bizim deyəcəklərimizin heç bir təsiri olmayacaq. Onlar hər şeyi gözü ilə görənlərdir.
Üçüncü, xahişim də var. Bu barədə dəfələrlə dediyimdən çox yazmaq istəmirəm. Bu 30 ildə nə qədər çox Xalq, Vətən deyən gördümsə o qədər də əclaf çıxdı. (Samuel Conson- «vətənpərvərlik əclafların axırıncı sığınacağıdır»).

Mənim üçün bu gün Azərbaycanda «türkün türkdən başqa dostu yoxdur» deyən türklə «Əlikram Hümbətov talışların lideridir» deyənlərin heç bir fərqi yoxdur.Hər ikisi türk, talış xalqlarının və Azərbaycan adlı Dövlətin düşmənidir.