QHT sədri çağırış etdi: "Günay Sığorta"ya "DUR" deyin!

QHT sədri çağırış etdi: "Günay Sığorta"ya "DUR"  deyin! backend

İnsan hər şeyə hazır olmalıdır.

Qəzalara da, ölümlərə də... Tanrı hər kəsi bunlardan qorusun. Amma olanda olur. Mən də 28 iyun 2019-cu il tarixdə bir qəzaya düşdüm. Ziya Bünyadov prospektində maşınımı arxadan vurdular. Açığı, çox qorxmuşdum. Özümə gəldim və maşından düşdüm. 24-28 yaşlı bir gənc maşını iki zərbə ilə vurmuşdu. Günah onda olsa da qışqırmaqla üstə çıxmaq fikrində idi. DYP və Sığorta nümayəndələri çağırıldı. Gərəkli sənədləşmələr aparıldı. Nərimanov Rayon DYP İdarəsində sənədləri bir neçə saata həll etdilər. Qaldı digər maşının Sığorta Şirkətinin qiymətləndirilməsi və təmiri. Məni Babək prospektində yerləşən Babək təmir emalatxanasına göndərdilər. Məcburi gedəsi oldum ki, dəyən ziyan qiymətləndirilsin. Oranı güclə tapdım. Mat qaldım... bu nə emalatxanadı... 2 iyul tarixdə "Günay Sığorta" şirkətinə gəldim. Dedilər aparın qoyun təmir etsinlər. Dəyən ziyan 590 manat qiymətləndirilib. Mən isə bu müddətdə artıq üç təmir emalatxanasında maşına dəyən ziyanı hesablatdırmışdım. "Günay Sığorta" şirkəti o emalatxanaların qiymətindən üç dəfə az hesablama etmişdi. Maraqlandım dedilər ki, "Günay Sığorta" şirkəti maşın "ölüxanaları"nın detallarından istifdə edir. Həmin Babək təmir emalatxanası kimi yerlərlə də əlbir olub müştəriləri aldadırlar. "Günay Sığorta" şirkətinin nümayəndələrinə narazılığımı bildirdim. Rəhbərliklə görüşmək istədim. Lakin onlar buna imkan yaratmadılar. Dedilər, narazısınız, məhkəməyə müraciət edin. Ölkədə onsuz da qanunlar pozulur. Məhkəmə, prokurorluq, polis sisteminə minlərlə hüququ pozulmuş vətəndaş müraciət edir. Çox hallarda o vətəndaşların hüquqları qorunmadığından dövlətdən narazı qalırlar. Belə hallar isə çox təhlükəlidir. Narazılıqlar dövlətin təməlini laxladar. Ona görə də təkcə söhbət jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızından getmir. Söhbət həm də minlərlə insanın belə fırıldaqçı sığorta şirkətləri tərəfindən aldadılmasından gedir. Çox təəssüf ki, bu şirkətlərə nəzarət çox aşağı səviyyədə olduğundan onlar istədiklərini edirlər. Mən Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Korrupsiyaya qarşı İdarəyə və Vergilər Nazirliyinə müraciət edərək "Günay Sığorta" şirkətinin qanunsuzluqlarına son qoymalarını xahiş edirəm. Nəhayət "Günay Sığorta" şirkətinə "DUR" deyin.

P.S İctimai Birlik rəhbəri kimi Vətənim Azərbaycana və həssas qruplara dəstəyim göz önündə olub. İndi harınlamış "Günay Sığorta" şirkətinin rəhbərliyinin və əməkdaşlarının mənim kimi vətəndaş cəmiyyəti rəhbərinə qarşı süründürməçiliyinin adı xəyanətdir. Çünki dediyim kimi qapılarda şəxsi problemlərimlə məşğul olmaqdansa həssas qrupların məsələsini həll edirəm. Və nəhayət mətbuat da sığorta şirkətlərinin oyunlarını ortaya çıxarsın. Dəstək olan hər kəsə əvvəlcədən minnətdaram.

Jurnalist, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı
Diaspora