Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun doğum tarixidir.
Modern.az-ın məlumatına görə, E.Məmmədyarov 2 aprel 2004-cü il tarixindən bəri Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsində çalışır.İyulun 2-də nazirin 59 yaşı tamam olur. E.Məmmədyarov 1977-1982-ci illərdə Kiyev Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq bölməsində təhsil alıb. Nazirin atası kimya elmləri doktoru akademik Məhərrəm Məmmədyarovun Modern.az-a bildirdiyinə görə, o zaman oğlunun diplomat olmasını istəmirmiş. Çünki SSRİ kimi bir dövlətdə azərbaycanlı gəncin diplomatiya sahəsində çox da uzağa gedə bilməyəcəyini düşünürmüş. Amma Elmar istəyində israrlı olduğundan atası geri çəkilməli olub.
1982-1988-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyində çalışan gələcək nazir sonra təhsilini SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında (1988-1991) davam etdirərək, tarix elmləri namizədi olub. Daha sonra, 1989-1990-cı illərdə ABŞ-ın Braun Universitetinin Xarici siyasətin planlaşdırılması mərkəzində təcrübə keçib.
1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsi Elmar Məmmədyarova diplomatiya karyerasında irəliləməyə yeni imkanlar yaradıb. Həmin ildən müstəqil Azərbaycanın Xarici İşlər Nazirliyində Dövlət Protokolu şöbəsinin müdiri postuna təyinat alan E.Məmmədyarov daha sonra Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyində, ABŞ-dakı səfirliyimizdə çalışıb və 2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı səfiri olub.
E.Məmmədyarovun 2 oğlu var: Riyad və Emin. Xarici işlər nazirinin hər iki oğlu Amerikada ali təhsil alıb. Riyad və Emin Məmmədyarovlar ABŞ-ın Nyu-York Universitetinin tələbələri olublar.